COP29 çərçivəsində Parlament Konfransının təşkili müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində işgüzar səfəri çərçivəsində Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüş keçirib. Görüş zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri geniş müzakirə edilib. Martin Çunqonq Azərbaycanın PAİ-də fəal və yüksək səviyyədə təmsil olunmasını xüsusi təqdir edib.
Görüşdə, həmçinin, cari ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası – COP29 çərçivəsində təşkil olunacaq Parlament Konfransının hazırlıq işləri də müzakirə olunub. Bu konfransın COP29 tədbirləri çərçivəsində parlament platformasında mühüm dəstək verəcəyinə əminlik ifadə edilib. Söhbət zamanı vurğulanıb ki, Parlament Konfransı parlamentarilərə iqlim dəyişikliyi ilə mübarizədə fikir mübadiləsi aparmaq, yeni təkliflər və ideyalar irəli sürmək üçün geniş imkanlar yaradacaq.
Bu görüş Azərbaycan və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın dərinləşdirilməsi və qlobal iqlim problemləri ilə mübarizədə parlamentlərin rolunun gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Şərhlər: 0
Şərh yaz
