Azinfo » Siyasət » Xarici siyasət » Hikmət Hacıyev Armen Qriqoryanla görüşüb

Hikmət Hacıyev Armen Qriqoryanla görüşüb

Tarix : 31-03-2022   /   Siyasət / Xarici siyasət  

Bu gün Brüsseldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.
Bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidməti məlumat yayıb.

Görüşü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar təşkil edib.

Bildirilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək əsas məqsəd olub: "Xüsusilə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək görüşə hazırlıqla bağlı müzakirələr aparılıb.

Cənab Hacıyev və Qriqoryan arasında ayrıca ikitərəfli söhbətin də daxil olduğu substantiv müzakirələr zamanı iştirakçılar 2021-ci il dekabrın 14-də Brüsseldə liderlərin görüşü zamanı əldə olunmuş anlaşmaların davamı olaraq Ermənistan və Azərbaycan arasında siyasi və təhlükəsizlik vəziyyəti və bütün məsələlərin spektrini nəzərdən keçiriblər".

Rəsmilər növbəti həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər.

"Ermənistan və Azərbaycan arasında sülh sazişinin perspektivləri ilə bağlı məsələlər də müzakirə ediləcək. Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülh və sabitlik istiqamətində fəaliyyətini davam etdirməyə sadiqdir”, - qeyd olunub.

Şərhlər: 0

Şərh yaz