Azinfo » Siyasət » Xarici siyasət » Polad Bülbüloğlu: “Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsi sülhə maneədir”

Polad Bülbüloğlu: “Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsi sülhə maneədir”

Tarix : 31-03-2022   /   Siyasət / Xarici siyasət  

31 mart tarixində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moldova Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Lilian Dariyi onun xahişi ilə qəbul edib.

Səfirlikdən  verilən məlumata görə, həmkarını təyinatla əlaqədar təbrik edən Polad Bülbüloğlu ona diplomatik fəaliyyətində uğurlar arzulayaraq Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti barədə qarşı tərəfə məlumat verib.

Görüş əsnasında Azərbaycanla Moldova arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. 2022-ci ilin fevral ayında Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunun Azərbaycana səfəri və sözügedən səfər çərçivəsində Prezident İlham Əliyev, həmkarı Ceyhun Bayramovla keçirdiyi məhsuldar görüşlər xatırlanıb.

Bundan əlavə, ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın mövcudluğu vurğulanaraq, müxtəlif sahələrdə əməkdaşlıqdan, o cümlədən Heydər Əliyev Fondu tərəfindən Qaqauziyada Təhsil və Mədəniyyət Mərkəzinin inşasından söz açılıb.

Polad Bülbüloğlu moldovalı səfirə postmünaqişə dövrü və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı ətraflı məlumat verərək, həmin sənədin 4-cü bəndinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib və bu məqamın regionda davamlı sülhün təmin olunması üçün əsas əngəl olduğunu xüsusilə qeyd edib.

Eyni zamanda azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri haqqında həmsöhbətinə məlumat verib.
Görüşdə regionda baş verən proseslər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Polad Bülbüloğlu moldovalı həmkarına Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitablarını hədiyyə edib.



Şərhlər: 0

Şərh yaz