Azinfo » Siyasət » Xarici siyasət » Sahibə Qafarova Cakartada "Böyük iyirmilik" ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində çıxış edib

Sahibə Qafarova Cakartada "Böyük iyirmilik" ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində çıxış edib

Tarix : 05-10-2022   /   Siyasət / Xarici siyasət  
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 5-də İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən "Böyük iyirmilik" (G20) ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində çıxış edib. O, ilk olaraq, tədbirdə iştiraka dəvətinə görə İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharaniyə təşəkkürünü bildirərək, Sammitin çox əhəmiyyətli və aktual mövzulara həsr olunduğunu diqqətə çatdırıb.

Spikerin sözlərinə görə, yoxsulluq, humanitar böhran və münaqişələr, sosial bərabərsizliklər, iqlim dəyişikliyi və digər bu kimi müasir çağırışları təklikdə həll etmək mümkün deyil. "COVID-19" qlobal pandemiyasının bütün dünyaya göstərdiyi mühüm bir məsələ də odur ki, qlobal çağırışlar qlobal həllər tələb edir və kollektiv səylər, birgə fəaliyyət son dərəcə vacibdir. Parlamentarilər, xalqlarımızın nümayəndələri olaraq biz, hamımızı narahat edən problemlərin ən yaxşı həll yollarının tapılması ilə bağlı müzakirələrdə iştirak etməliyik. Parlament əməkdaşlıq platformaları daha yaxşı dünya naminə birgə işləmək öhdəliyimizin və əzmimizin sübutudur. Bu mənada, G20 parlament sədrlərinin Sammiti parlamentlərin oynaya biləcəyi rolu və bugünkü problemlərin həllinə töhfələrini müəyyən etmək üçün çox mühüm bir tədbirdir. O, parlamentariləri bir araya gətirmək və parlament-hökumət əməkdaşlığının müxtəlif aspektləri üzrə hərtərəfli müzakirələrin aparılması üçün mühüm çərçivədir.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışında parlamentlərarası əməkdaşlığın yeni yaradılmış daha bir çərçivəsi - Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi haqqında geniş məlumat verib. Spiker qeyd edib ki, Parlament Şəbəkəsinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi irəli sürdüyü təşəbbüsün nəticəsidir. Bu, Azərbaycanın güclü dəstəyinin və parlamentlərarası əməkdaşlığa sadiqliyinin göstəricisi olmuşdur. Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentariləri arasında qarşılıqlı əlaqə və əməkdaşlığı genişləndirməyi və dərinləşdirməyi təklif edib. Ötən ilin noyabrında Madriddə biz Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini təsis etdik. Bu ilin 30 iyun - 1 iyul tarixlərində isə Azərbaycanın evsahibliyi ilə keçirilən Bakı Konfransı Parlament Şəbəkəsinin inkişafında mühüm mərhələni təşkil etmişdir. 40-dan çox üzv parlamentin və 8 beynəlxalq parlament təşkilatının iştirakı ilə Parlament Şəbəkəsinin Əsasnaməsi, həmçinin rəsmi loqosu və bayrağı qəbul olunmuş, qarşıdakı üç il üçün Şəbəkənin sədri və sədr müavinləri seçilmişdir. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin növbəti konfransının gələn ilin martında Manamada Parlamentlərarası İttifaqın 146-cı Assambleyası çərçivəsində keçirilməsi planlaşdırılır. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin hazırkı sədri kimi Sahibə Qafarova inamını ifadə edib ki, Parlament Şəbəkəsi çoxtərəfliliyi, dialoqu və parlamentlərarası əməkdaşlığı təşviq etmək üçün mühüm platformaya çevriləcək. O, deyib ki, Parlament Şəbəkəsi digər parlament təşkilatları ilə fəal əməkdaşlıq edərək, ümumi məqsədlərə töhfə verməyə hazırdır.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, ölkəmizin sədrliyi ilə Qoşulmama Hərəkatının institusional inkişafı istiqamətində də mühüm addımlar atılıb. Bu ilin iyul ayında Gənclər Şəbəkəsinin bazasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təsis olunması və Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması təşəbbüsü də Azərbaycanın Qoşulma Hərəkatının institusional inkişafı istiqamətində atdığı addımlardandır. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2020-ci ilin dekabr ayında COVID-19 pandemiyası ilə mübarizəyə dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi, COVID-19 peyvəndlərinə bərabər, əlverişli, vaxtında və universal çıxışın təmin edilməsinə dair qətnamələrin qəbulu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələrin hazırlanmasına diqqəti yönəldən "COVID-19"-dan sonra Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış etməsi ölkəmizin beynəlxalq əməkdaşlığa töhfələrinin, qlobal problemlərin həllinə birgə yanaşmanın vacibliyinə verdiyi önəmin sübutudur.
Sahibə Qafarova vurğulayıb ki, əgər biz beynəlxalq əhəmiyyət kəsb edən problemlərin həllinə yönəlmiş kollektiv səylərin uğurla nəticələnməyinə nail olmaq istəyiriksə, beynəlxalq institutların səmərəliliyini gücləndirməli, qəbul edilmiş sənədləri həyata keçirməli, ikili standartlara və selektiv yanaşmalara son qoymalıyıq. Milli Məclisin sədri təəssüflə qeyd edib ki, bir çox hallarda ölkələr bu sərt reallıqdan əziyyət çəkirlər. Azərbaycan da öz təcrübəsi ilə bunun şahidi olub. O, xatırladıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Ermənistan bu ərazilərdə etnik təmizləmə həyata keçirib və nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Münaqişə ilə əlaqədar həm mülki, həm də hərbçi olmaqla 4 minə yaxın Azərbaycan vətəndaşı hələ də itkin düşüb. İşğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi qəsdən dağıdıb, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyub. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının və digər müvafiq beynəlxalq təşkilatların qətnamə və qərarlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan onlara məhəl qoymamışdır. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı sənədlər 27 il ərzində icra olunmamış qalmışdır. Təəssüf ki, beynəlxalq təşkilatlar tərəfindən işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilməmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına yerinə yetirərək, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmişdir. 2020-ci ilin sentyabr ayında Ermənistanın hərbi təxribatları nəticəsində başlayan 44 günlük müharibədən sonra işğalçı dövlət noyabr ayında kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalmışdır.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, post-münaqişə dövründə Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir. Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişinin imzalanmasını təklif edib. Bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq. Lakin Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə maneələr yaradır. Ermənistanın sonuncu dəfə - bu il sentyabrın 13-də törətdiyi hərbi təxribatlar da normallaşma prosesinə əngəl törədir. Bu cür davranışlar pislənilməlidir. İndi ən vacib məsələ münasibətlərin normallaşması prosesini pozacaq hərəkətlərdən çəkinməkdir. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

Şərhlər: 0

Şərh yaz