Britaniya səfiri: Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparıb
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun APA-ya müsahibəsi– Cənab səfir, Azərbaycana yeni gəlmisiniz. Azərbaycanda səfir kimi çalışacağınız qarşıdakı illərdə prioritetləriniz nələrdən ibarətdir?
– Birinci sual üçün əla başlanğıcdır. Mümkünsə, bura gəlişim haqqında bir az danışmaq istərdim. Beləliklə, Azərbaycana ilk dəfə yanvar ayında gəldim, altı həftə Gəncədə Azərbaycan dilini öyrəndim. Mən Gəncədə bir ailənin evində qalırdım. Yerli yeməklərdən yeyir, bütün günü bacardığım qədər Azərbaycan dilində danışırdım. Hər gün dörd saat dərs keçirilirdi. İlk olaraq, tələbə kimi gəlmək, paytaxtdan kənara çıxmaq – Tovuza, Mingəçevirə, Göygölə, Şəkiyə, Zaqatalaya səyahət etmək heyrətamiz bir təcrübə idi. Bu, ölkəni bir az daha çox görmək imkanı yaratdı.
Sentyabrın əvvəlində Bakıya qayıtdım. Beş həftədir, buradayam. Burada insanlar məni çox isti qarşıladılar və ona görə də elə ilk həftələrdən çox həzz aldım. Azərbaycan və Böyük Britaniya xalqları arasında əlaqələr quran şəxslərlə görüşmək heyrətamizdir. Mən bir britaniyalı, əslində, şotlandiyalı aşpazla tanış oldum. O, həm Şotlandiyada, həm də İngiltərədə “Michelin Star” restoranlarında işləyib. Həmin aşpaz indi burada – Azərbaycan Kulinariya Assosiasiyası Məktəbində çalışır və gənc azərbaycanlı aşpazlara beynəlxalq səviyyədə tanınmış Böyük Britaniya təcrübəsi üzrə təlimlər keçir. Eyni zamanda, onları bu ay İsveçrədə keçiriləcək dünya aşpazları müsabiqəsində iştirak etmək üçün hazırlayır. Bu, bir növ, aşpazların olimpiadasıdır. Bu, Azərbaycanla Böyük Britaniya xalqları arasında əlaqələrin çoxsaylı nümunələrindən yalnız biridir. Və onu da qeyd etməliyəm ki, bu, diplomatlar üçün qızıl tozudur.
Bunlar, həqiqətən, xüsusi olan və haşiyədən kənar məqamlardır. Mən öz prioritetlərim barədə də danışacağam. Əlbəttə ki, səfir olaraq gördüyünüz işlərin bir hissəsi mesajlar ötürmək və hökumətlər arasında anlaşma yaratmaqdır. Lakin, əslində, daha geniş əlaqələrin, imkanların olması bir səfir üçün daha xoşdur. Buna görə də mən rolumun bir hissəsini hələ də bir çox britaniyalı üçün kəşf edilməmiş bir xəzinə olan Azərbaycanı tanıtmaq, onlara bu ölkənin görünməyən tərəflərini izah etməyə kömək etməkdə görürəm. Britaniya tarixçisi Bettani Hughes tərəfindən hazırlanmış və yenicə çəkilmiş gözəl bir sənədli film var. Məncə, bu film tezliklə həm Azərbaycanda, həm də Böyük Britaniyada nümayiş olunacaq. Azərbaycan haqqında bir saatlıq sənədli filmdir. Odur ki britaniyalıların Azərbaycan haqqında daha çox bilməsinə, azərbaycanlıların Böyük Britaniya haqqında daha çox məlumat əldə etməsinə kömək etmək mənim üçün vacibdir. Yəqin ki, ölkədə olduğum ilk beş həftə ərzində mənim üçün ən böyük şərəf Zati-aliləri Prezident İlham Əliyevin mərhum Kraliça II Elizabetin başsağlığı kitabını imzalamaqdan ötrü Böyük Britaniya səfirliyinə gəlməsi olub.
Şərhlər: 0
Şərh yaz
