Azinfo » Siyasət » Xarici siyasət » Belçika Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasını dəstəkləyir

Belçika Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasını dəstəkləyir

Tarix : 16-11-2022   /   Siyasət / Xarici siyasət  
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında strateji tərəfdaşlığı alqışlayırıq.

Bunu Belçika Krallığının Azərbaycandakı səfiri Mişel Peetermans Azərbaycan və Belçika arasında diplomatik münasibətlərin 30 illiyinə və Kral Gününə həsr olunan tədbirdə bildirib.

O deyib ki, Avropa və Azərbaycan arasında müxtəlif sahələrdə genişmiqyaslı əməkdaşlıq var və xüsusilə də enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlıq vurğulanmalıdır.

“Belçika Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə inkişaf etdirilməsi prosesini dəstəkləyir və Aİ-nin prosesdəki vasitəçiliyinə dəstəyini ifadə edir”, - diplomat qeyd edib.

Səfir çıxışında ikitərəfli əlaqələrin bundan sonra da müxtəlif sahələrdə inkişaf edəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, ölkələr siyasi müstəvidə daimi əlaqələr saxlayır və iqtisadi-ticari sahədə göstəricilər artır. Bundan əlavə, mütəmadi olaraq tələbə mübadiləsi aparılır: “Bu il Belçika ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Bununla bağlı xüsusi fotosərgi də təşkil olunub”.
Tədbirdə çıxış edən XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov deyib ki, iki ölkə arasında yaxşı səviyyədə münasibətlər mövcuddur: “Belçikanın bir sıra şirkətləri Azərbaycanda fəaliyyət göstərir, iqtisadi və ticarət sahəsində əməkdaşlığımızı genişləndirmək üçün çoxlu imkanlar var”.
Diplomat 44 günlük müharibədən sonra regionda yeni reallığın yarandığını diqqətə çatdırıb:

“Azərbaycan sülhün və təhlükəsizliyin bərqərar olması üçün addımlar atır, əməli işlər görür. Ermənistanla normallaşma və kommunikasiya xətlərinin açılması üçün davamlı səylər reallaşır. Regionda sülhün bərpası onun potensialını dünyaya açacaq”.

Fəxrəddin Qurbanov onu da deyib ki, azad olunmuş ərazilər minalardan təmizlənməli, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməlidir.

Diplomat Avropa və Azərbaycan arasında münasibətlərə də toxunub. O vurğulayıb ki, Azərbaycanı Avropanın etibarlı və strateji tərəfdaşı adlandırıb: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir”.

Fəxrəddin Qurbanov Aİ və Azərbaycan arasında yeni saziş layihəsi ilə bağlı danışıqların tezliklə başa çatacağına ümid etdiyini deyib.

Şərhlər: 0

Şərh yaz