FHN: 62 yanğın və 1 partlayışa çıxış olub, 6 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 62 yanğın və 1 partlayışa çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib,
Astara rayonunda su kanalına düşən "Mercedes" markalı minik avtomobilindən sürücü 1988-ci il təvəllüdlü Nəsirov İdrak Təbriz oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Sabunçu rayonunda yanğınla nəticələnən partlayış zamanı 1 nəfər xəsarət alıb.
Bundan başqa, Lənkəran şəhərinin Tükəvilə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimova Fəxriyyə Söhbət qızının axtarışlarına xilasetmə qüvvələri cəlb olunub.
Şərhlər: 0
Şərh yaz
