"Azərsu" əməkdaşları silahla təhdid edilib
İçməli sudan səmərəli istifadə, su israfçılığın qarşısının alınması və xidmət haqlarının ödənilməsi ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan maarifləndirmə və təbliğat işlərinə baxmayaraq, bəzi abonentlər sudan səmərəli istifadə qaydalarına əməl etmirlər.
Bu barədə “Azərsu”nun ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, bəzi hallarda “Azərsu” ASC-nin əməkdaşları tərəfindən verilən tövsiyələrə məhəl qoymayan abonentlər xidməti vəzifəsini yerinə yetirən əməkdaşlara qarşı kobud rəftar edir, onları fiziki təzyiqlərə məruz qoyurlar: “28 May qəsəbəsində bir abonent ərazidə xidmət edən “Abşeron Sukanal” İdarəsinin əməkdaşlarını odlu silahla təhdid edib. 28 May qəsəbəsinin Paralellər adlanan küçəsində “Abşeron Sukanal” İdarəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Zülfüqar Mehdiyevə məxsus fərdi yaşayış evinin həyətində su çəninin dolub daşdığı, israfçılığa yol verildiyi, ev sahibinin isə buna heç bir reaksiya vermədiyini görüblər. Su israfının qarşısını almaq məqsədilə mənzil sahibindən tədbir görülməsini xahiş edən əməkdaşlar fərdi yaşayış evinin su təchizatı sisteminə baxış keçirmək istədikdə vətəndaşın kobud rəftarı və təhqirləri ilə üzləşiblər. Sonra Z.Mehdiyev odlu silahla (ov tüfəngi) “Abşeron Sukanal” İdarəsinin əməkdaşlarını təhdid edib, ardınca hüquq-mühafizə orqanlarına müraciət edərək “Azərsu” ASC əməkdaşlarının təzyiqlərinə məruz qalması barədə yalan məlumatlar verib. Hadisə ilə əlaqədar “Abşeron Sukanal” İdarəsi tərəfindən hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub. Əraziyə gələn daxili işlər orqanlarının əməkdaşları Z.Mehdiyevi və “Abşeron Sukanal” İdarəsinin əməkdaşlarını araşdırma aparılması üçün polis bölməsinə dəvət ediblər. “Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir”.
Qeyd olunub ki, “Azərsu” ASC tərəfindən mütəmadi maarifləndirmə tədbirləri aparılır, fərdi su xətlərində və çənlərində axıntı olan abonentlərdən nasazlıqları aradan qaldırmaq tələb olunur, uçotsuz və sayğacdankənar istifadə hallarına qarşı ciddi tədbirlər görülür: “Abonentlər su israfının qarşısının alınması məqsədilə xəbərdarlıq və tövsiyələri anlayışla qarşılamalı, bu işi yerinə yetirən “Azərsu” ASC əməkdaşlarına qarşı kobud rəftar etməməlidirlər. Xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə, hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.
Şərhlər: 0
Şərh yaz