Azinfo » Xəbər » Sosial xəbərlər » Xivə şəhərində “Şuşa günləri” keçirilib

Xivə şəhərində “Şuşa günləri” keçirilib

Tarix : 13-09-2024   /   Xəbər / Sosial xəbərlər  


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə Şuşa ilə qardaşlaşmış Xivə şəhərində 11-12 sentyabr tarixlərində “Şuşa günləri” adlı tədbir keçirilib.

Azinfo.az xəbər verir ki, bu tədbir çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov, Xivə şəhərinin hakimi Temur Davletovla görüşüb. Görüş zamanı iki qardaş şəhər arasında elmi, mədəni və yaradıcılıq sahələrində əlaqələrin inkişafı və təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə edilib. Həmçinin, tarixi “İçən qala” ərazisində gəzinti təşkil olunub.

Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov və nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərov, Urgənc Dövlət Universitetində rektor Bəhram Abdullayevlə də görüşüblər. Görüşdə, vaxtilə universitetdə müəllim işləmiş yazıçı Y.V. Çəmənzəminli adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin yaradılması planı müzakirə olunub. Aydın Kərimov Şuşada həyata keçirilən bərpa və abadlıq işləri barədə məlumat verib. Şuşalı rəssamın çəkdiyi Y.V. Çəmənzəminlinin portreti universitetə hədiyyə edilib və tələbələrin ifasında konsert proqramı təqdim olunub.

“Şuşa günləri” tədbirləri “İçən Qala”da maraqlı tədbirlərlə davam edib. “Şuşa - dünən və bu gün” adlı fotosərgidə Şuşanın tarixi, təbiəti və bərpa işləri əks etdirən fotolar nümayiş olunub. XVIII-XIX əsrlərə aid Qarabağ milli geyimləri kolleksiyası da sərgilənib və ziyarətçilərin marağına səbəb olub.

Özbəkistanda akkreditə olunan müxtəlif ölkələrin səfirləri və yüksək vəzifəli şəxslərin iştirak etdiyi tədbirin sonunda Qarabağa və Şuşaya həsr olunmuş musiqi və rəqs proqramları tamaşaçıların böyük alqışları ilə qarşılanıb. Azərbaycan Dövlət Rəqs Ansamblı milli rəqslərimizi yüksək səviyyədə təqdim edib.

Qeyd edək ki, 24 fevral 2023-cü il tarixində Şuşa və Xivə şəhərləri rəsmi olaraq qardaşlaşmış şəhərlər elan olunub.

Şərhlər: 0

Şərh yaz