Bakıda növbəti təhlükəsizlik forumu keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirakı ilə "Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar" mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib.
DTX-dən yayılan məlumata əsasən, forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciət səsləndirilib və konfransın mövzusuna dair videomaterial nümayiş etdirilib.
Tədbirdə çıxış edən DTX rəisi, general-polkovnik Əli Nağıyev, forumun tərəfdaş xüsusi xidmət orqanları arasında məlumat mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, beynəlxalq terrorizm və qlobal təhlükəsizlik təhdidləri ilə mübarizədə koordinasiyanın vacibliyini qeyd edib, forumun ölkələrin təhlükəsizlik strukturları arasında müzakirələr üçün əhəmiyyətli platforma olduğunu bildirib.
Nağıyev həmçinin forumun COP29 Konfransı ərəfəsində keçirilməsinin təsadüfi olmadığını, enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərinin terror-təxribat aktlarına məruz qalmasının qlobal iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyini və bu təhlükələrin qarşısını almaq üçün əməkdaşlığın vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində, xüsusi xidmət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar ediblər. Forumun sonunda, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılması təklifi yekdilliklə qəbul edilib.
Şərhlər: 0
Şərh yaz
