Gələn ay Bakıda Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək.
Azinfo.az-a Nazirlikdən verilən məlumata görə, festivalın məqsədi STEAM əsaslı tədrisin inkişafını təşviq etmək, XXI əsr bacarıqlarını tələbələr arasında yaymaq və yaradıcı şagirdləri aşkara çıxarmaqdır. Eyni zamanda, COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar, festivalda ətraf mühitin qorunması, su ehtiyatlarının və alternativ enerji mənbələrinin səmərəli istifadəsi ilə bağlı innovativ layihələrə diqqət ayrılacaq.
Bu il dördüncü dəfə keçiriləcək STEAM Azərbaycan Festivalı (SAF 2024) çərçivəsində 8 yarış və 1 sərgi-yarış (“Yaşıl təşəbbüslər”) kateqoriyası üzrə müsabiqələr təşkil olunacaq. Yarış kateqoriyalarına “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green Initiatives” və “Green Coding” daxildir.
Festivalda yerli komandalarla yanaşı, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ və digər ölkələrdən də komandalar iştirak edəcək.
Qeyd edək ki, STEAM təhsil metodu elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatı (Math) birgə inteqrasiya edərək tədris etməyi hədəfləyən yanaşmadır.
Şərhlər: 0
Şərh yaz
