Masallıda 27 Sentyabr - Anım Gününə Həsr Olunmuş Ağacəkmə Aksiyası Keçirildi
. 27 sentyabr 2024-cü il tarixində Masallı şəhərində 27 Sentyabr - Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası baş tutmuşdur. Aksiya Masallı şəhər Park Bulvar Kompleksində keçirilmişdir və tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və onun aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, eləcə də yerli ictimaiyyətin nümayəndələri və jurnalistlər iştirak etmişdir.
Aksiyanın gedişatında ümumilikdə 100 ədəd sərv ağacı əkilmiş və suvarılmışdır. Bu tədbir şəhərin ekoloji durumunun yaxşılaşdırılması ilə yanaşı, şəhidlərin əziz xatirəsini yaşatmaq məqsədi daşıyırdı.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ağacəkmə aksiyalarının mütəmadi olaraq həyata keçirildiyini və bu ənənənin davam etdiriləcəyini bildirmişdir. O, həmçinin əkilən ağaclara lazımi qayğının göstərilməsi üçün müvafiq qurumlara tapşırıqlar vermişdir.
Bu cür tədbirlər şəhərin yaşıl sahələrinin genişləndirilməsi ilə yanaşı, Anım Gününün əhəmiyyətini vurğulamaq və gələcək nəsillərə təbiətə qayğı ilə yanaşma ruhunu aşılamaq baxımından böyük əhəmiyyət kəsb edir.



Şərhlər: 0
Şərh yaz
