27 sentyabr 2024-cü il tarixində Masallı rayonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və onun aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və yerli ictimaiyyətin nümayəndələri, həmçinin jurnalistlər iştirak ediblər.Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. İştirakçılar Vətənin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman oğullarımızın əbədi xatirəsinə ehtiram olaraq “Qəhrəmanlar parkı, Şəhidlər abidə kompleksi”ni ziyarət etdilər. Abidə önünə tər gül dəstələri qoyularaq şəhidlərin ruhuna dualar oxundu.
Anım mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirdi ki, ölkənin hər yerində olduğu kimi, Masallıda da Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad olunur. O, həmçinin qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız və Ordumuz böyük Qələbə qazandı. Bu Zəfər nəticəsində xalqımızın uzun illər davam edən yurd həsrəti sona çatdı, Qarabağımız yenidən qurulmağa başladı, vətəndaşlarımız doğma yurdlarına geri qayıdırlar. Bu gün Azərbaycan bayrağı Qarabağın bütün bölgələrində dalğalanır.
Rayon rəhbəri çıxışında Azərbaycan Ordusunun gücündən və şəhidlərin döyüş zamanı göstərdikləri qəhrəmanlıqlardan bəhs edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı erməni işğalçılarından azad etdiyini vurğuladı.
Tədbirdə çıxış edən şəhid anası Mehriban Sultanova, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü və Masallı rayonu üzrə qazı Rəşid Talıbov və digər çıxışçılar Azərbaycan xalqının tarixi uğurundan, şəhid və qazilərin göstərdiyi şücaətdən bəhs etdilər. Vurğulandı ki, bu qələbə şəhidlərimizin qanı bahasına əldə olunub və Azərbaycan xalqı dünya səhnəsində öz qəhrəmanlıq salnaməsini yazaraq qalib xalq olduğunu sübut etdi.
Masallı rayonunun bütün ərazilərində də, ölkənin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əbədi xatirəsinə ehtiram əlaməti olaraq hərəkət müvəqqəti məhdudlaşdırılmış, nəqliyyat vasitələri isə səs siqnalları vermişdir.









