Ağdamda iritutumlu 4 su anbarı tikilir
Dövlət Su Ehtiyatları Agentliyi Ağdam şəhərində su təsərrüfatı sahəsində genişmiqyaslı və mühüm işlər həyata keçirməkdədir. Bu işlər işğaldan azad olunmuş ərazilərdə yerləşən yaşayış məntəqələrinin xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi ilə bağlıdır. Layihənin məqsədi Ağdamın su təsərrüfatını müasir və etibarlı şəkildə təmin etməkdir.
Layihə çərçivəsində, +440 metr və +410 metr yüksəklikdə hər biri böyük həcmlərə malik olan su anbarlarının tikintisi sürətlə davam edir. Belə ki, 10000 kubmetrlik su anbarının 1-ci kamerasında dəmir-beton işləri demək olar ki, başa çatıb və 2-ci kameranın bünövrə betonunun tökülməsi yekunlaşıb. Tikintinin 80 faizi artıq icra olunmuşdur. Bununla yanaşı, 7500 kubmetrlik su anbarının da tikinti işləri son mərhələdədir.
Qaraqayadan gələn 9 kilometrlik magistral su xəttinin də tikintisi davam edir və bunun 6.5 kilometri artıq tamamlanmışdır. Həmçinin, şəhər şəbəkəsinə birləşdirilməsi üçün diametri 710 mm olan polietilen su borularının 2332 metri çəkilib, bu isə nəzərdə tutulan 2500 metrlik xəttin əksəriyyətini təşkil edir.
Eyni zamanda, kanalizasiya kollektorunun tikintisi də sürətlə irəliləyir, 6 kilometrlik xətdən 1.8 kilometri inşa olunub. Layihə çərçivəsində 2 subartezian quyusundan birinin tikintisinə başlanılıb.
Bu işlər Ağdam şəhərinin su və kanalizasiya sisteminin təkmilləşdirilməsinə, əhalinin dayanıqlı su təchizatı ilə təmin edilməsinə və infrastrukturun yenilənməsinə yönəlib.
Şərhlər: 0
Şərh yaz