Masallı rayonunda oktyabrın 4-də Cəbrayıl Şəhəri Gününə həsr olunmuş "Xudafərində dalğalanan bayrağımız" adlı tədbir keçirilib.

Tədbir Masallı Rayon İcra Hakimiyyəti, Gənclər və İdman sektoru, Mərkəzi Kitabxana Sistemi, Tarix-Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edildi. Tədbirdə 44 günlük Vətən Müharibəsinin iştirakçıları, gənclər və mədəniyyət işçiləri iştirak etdilər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək iştirakçıları salamladı və Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunan Cəbrayıl Şəhəri Günü münasibətilə hamını təbrik etdi. O, 4 oktyabrın Cəbrayılın 27 illik işğaldan azad olunduğu gün olduğunu vurğuladı və bu tarixin Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıdığını bildirdi.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nuranə Muradova Vətən Müharibəsindəki qələbədən və Cəbrayılın azadlığının strateji əhəmiyyətindən danışdı. O, Azərbaycan Ordusunun və xalqının birlik və qətiyyətinin bu qələbəni təmin etdiyini qeyd edərək, ölkənin işğaldan azad olunmuş ərazilərində görülən bərpa işlərindən bəhs etdi.
Tədbirdə həmçinin Vətən Müharibəsi iştirakçıları çıxış etdilər. Onlar Cəbrayılın işğal tarixinin artıq azadlıq tarixi ilə əvəz olunmasından qürur duyduqlarını ifadə etdilər və bu azadlığın müharibənin gedişatında mühüm rol oynadığını vurğuladılar.
Tədbir, Vətən Müharibəsinin iştirakçılarının Fəxri Fərmanlarla təltif olunması və "Biz qayıtdıq, Cəbrayıl" adlı sənədli filmin nümayişi ilə sona çatdı. Bu tədbir Azərbaycanın tarixi zəfərinin simvolik təntənəsi kimi yadda qaldı.







Şərhlər: 0
Şərh yaz
