"I Beynəlxalq pediatriya, uşaq cərrahiyyəsi və tibb bacıları konqresi" öz işinə başlayıb

Azərbaycanda ilk dəfə keçirilən "I Beynəlxalq pediatriya, uşaq cərrahiyyəsi və tibb bacıları konqresi" bu gündən öz işinə başlayıb.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev konqresi açıq elan edib.
Direktor çıxışında qeyd edib ki, üç gün davam edəcək konqres müddətində önəmli problemlərə həsr olunan 74 məruzə dinləniləcək: “Burada yüksək ixtisaslı professorlar bizimlə əməkdaşlıq edəcək. Bundan başqa konqresdə iştirak etmək üçün 300-ə yaxın həkim rəsmi qeydiyyatdan keçib, Səhiyyə Nazirliyi tərəfindən 24 balla akkreditasiya olunub. Belə tədbirlərin əsas məqsədi pediatrların, cərrahların, tibb bacılarının peşəkar fəaliyyətini dəstəkləməkdir".
"Unity Company"nin rəhbəri Fikrət Əliyev konqres iştirakçılarına uğurlar arzulayıb, O qeyd edib ki, önəmli bir konqresə ev sahibliyi etmək qürurvericidir: "Konqresdə uşaqların sağlamlığı kimi vacib məsələlərdə elmi-tədqiqat potensialımızı təkmilləşdirmək və uşaqların yüksək keyfiyyətli, effektli müalicə metodları ilə tanış olmaq, sürətlə inkişaf edən tibbin tələblərinə uyğun müalicə metodlarının tətbiqi üzrə təcrübə mübadiləsi aparılacaq".
Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov çıxışında pediatriya sahəsində Azərbaycanda görülən işlərdən danışıb. O, belə konfransların təşkilinin önəmli olduğunu vurğulayıb: "Bu yaxınlarda yaradılan Azərbaycan Pediatriya Cəmiyyəti son illər pediatriya sahəsində atılan önəmli addımlardan biridir. Biz tez-tez belə konqreslər keçirəcəyik. Düşünürəm ki, növbəti üç gün müddətində dəyərli məlumatlar alacağıq”.
Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi konqresə Türkiyə, Ukrayna, Almaniya, Rusiyadan peşəkar həkimlər və tibb heyəti dəvət olunub.
Tədbir TƏBİB, Səhiyyə Nazirliyi, Elmi-tədqiqat Pediatriya İnstitutu (ETPİ) va "Unity Company"nin birgə dəstəyi ilə həyata keçirilir.
Şərhlər: 0
Şərh yaz
