Azinfo » Xəbər » Sosial xəbərlər » İstifadəyə yararlı və yararsız çimərliklər məlum olub

İstifadəyə yararlı və yararsız çimərliklər məlum olub

Tarix : 08-06-2022   /   Xəbər / Sosial xəbərlər  
“Abşeron yarımadasında və sahilyanı ərazidə yerləşən çimərliklərin monitorinqi aparılıb”.

Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Çimərlikdə dəniz suyunun monitorinqi" mövzusunda danışarkən deyib.

O bildirib ki, monitorinqlər Bakı şəhərində yerləşən 7 rayonu əhatə edib: “Eyni zamanda, respublikanın cənub və şimal zonalarında və Sumqayıtda da monitorinqlər həyata keçirilib. Əsasən çimərlik ərazisində dəniz suyunun 3 nöqtəsindən - mərkəzi, sağ və sol - nümunə götürülüb. Bağırsaq çöplərinin miqdarı müəyyən olunur. Bu standartdan yuxarı olarsa, insanlarda xəstələnmə hallarına səbəb ola bilər. Çirklənməyə əsas səbəb məişət-çirkab sularının heç bir təmizləmə aparılmadan dənizə buraxılmasıdır”.

Şöbə müdiri deyib ki, iyunun 10-15-də monitorinqlərin nəticələri barədə daha geniş məlumat veriləcək.

Ziyəddin Kazımov qeyd edib ki, aparılan monitorinqlərin ilkin nəticəsinə görə, Xəzər və Binəqədi rayonları ərazisindəki çimərliklərdən vətəndaşların istifadə etməsi daha məqsədəuyğundur.

O vurğulayıb ki, Qaradağda Sahil, Səbaildə Şıx, eyni zamanda, Hövsan və Türkan çimərliklərindən vətəndaşların istifadə etməsi məqsədəuyğun sayılmır.

Şərhlər: 0

Şərh yaz