Azinfo » Xəbər » Sosial xəbərlər » Sonsuzluq probleminin həlli üçün mexanizm müəyyənləşdirilir

Sonsuzluq probleminin həlli üçün mexanizm müəyyənləşdirilir

Tarix : 30-03-2022   /   Xəbər / Sosial xəbərlər  
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində bir sıra məsələlərin dəqiqləşdirilməsi üçün aidiyyatı icraedici qurumlarla müzakirələr aparılır.

Milli Məclisin Səhiyyə Komitəsi sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin Milli Məclisin yaz sessiyasında plenar iclasın gündəliyinə çıxarılması və qəbul olunması məsələsi hamıda maraq doğurur: "Qanun layihəsi tamamilə hazırdır. Bir sıra məsələlərin dəqiqləşdirilməsi məqsədilə son olaraq aidiyyatı icraedici qurumlarla müzakirələr aparılır".

Deputat bildirib ki, yaxın gələcəkdə qanun layihəsi MM-in plenar iclasında müzakirəyə çıxarılacaq: “Əminəm ki, yekdilliklə də qəbul olunacaq. Çünki bu məsələ ölkəmizdə uşaq sahibi olmaq istəyən və bu imkanı olmayan insanlar üçün böyük bir ümid yeridir. Bu sadəcə, qanunun icrası, işin tibbi, hüquqi tənzimlənməsi məsələsi deyil, həm də maliyyə cəhətdən bu problemlərin həlli istiqamətində icbari tibbi sığortanın və yaxud da hər hansı dövlət proqramının nəzdində bu problemlərlə bağlı insanlara kömək olunması məsələsidir”.

R.Mahmudov qeyd edib ki, həm iqtisadi, həm hüquqi, həm də tibbi cəhətdən müzakirələrin son mərhələsidir və nəticələrini yaxın gələcəkdə görəcəyik.

Şərhlər: 0

Şərh yaz