UNEC-də Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbirlər keçirilib
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə UNEC-də silsilə tədbirlər, xüsusi dərslər keçirilib, universitet kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
UNEC- dən verilən xəbərə görə, UNEC kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər, soyqırım qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
UNEC-in bütün fakültələrində təşkil olunan tədbirlərdə soyqırım qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, soyqırıma həsr olunan videoçarxlar nümayiş olunub.
Çıxış edənlər 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırımı hadisələrini hər il anmaqla, bu terroru dünyaya çatdırmağın vacibliyindən danışıblar. Bildirilib ki, soyqırım zamanı daşnak-bolşevik lideri erməni Stepan Şaumyanın tabeçiliyində olan 10 min silahlı hərbi qüvvə şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək, təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürülüb.
Qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilib.
Qeyd olunub ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə bu hərbi cinayətə siyasi-hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib. Hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır.
Şərhlər: 0
Şərh yaz