Masallıda qanunsuz tikili söküldü
Masallı rayonunda , İcra Hakimiyyəti binasının 15-20 metrlik məsafədə, S.Məmmədov və Qarabağ küçələrinin kəsişməsində inşa olunmuş qanunsuz tikili, FHN-in sərəncamı ilə bu gün sökülüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyul tarixli sərəncamı ilə Masallı rayonuna təyin olunmuş İcra Hakimiyyəti başçısı Araz Əhmədov , fəaliyyətə başladığı dövrdə rayonda inşa edilmiş bütün qanunsuz tikililərin söküləcəyini bildirmişdi. Nəzərdə tutulan tikililərdən biri də sözügedən obyekt idi.
Obyekti inşa edən Azər İsmayılov sakinlərin qarşısında çıxış edərək obyektin sökülməsinin şəxsinə qarşı haqsızlıq, qanunsuzluq olduğunu bildirdi. Dəymiş ziyana görə kompensasiya tələb edəcəyini söylədi.
Azər İsmayılov obyekti icarəyə götürən sahibkarla əlaqə saxladığını və içəridəki malların , özünün də məlumatı ilə anbarlardan birinə boşaldıldığını qeyd etdi.
Şəhər nümayəndəsi əvəzi Vahid Əhədov təkrar-təkrar qeyd etdi ki, bu binanın inşası üçün qanuni sənədlər yoxdur. Dövlət torpağı dükan yeri kimi satıla bilməz. Ortada Fövqəladə Hallar Nazirliyinin sərəncamı var ki, bu tikili müvafiq normalara uyğun deyil və sökülməlidir. Biz də bu qərarı icra edirik.
Sakinlər dövlət torpağının qanunsuz şəkildə tikinti sahəsinə çevrilib , obyekt inşa edilməsində sabiq rayon rəhbərliyini günahkar görürlər.
Şərhlər: 0
Şərh yaz