Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov İntiqam və Nurlan Əsgərlinin ailəsini ziyarət edib - FOTO

Ombudsmanın Cənub Regional Mərkəzinin əməkdaşları Masallı rayonunun Viləş kəndində anadan olan şəhid qardaşlar-Ordumuzun aprel döyüşlərinin şəhidi gizir Nurlan Bayram oğlu Əsgərli və İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı gizir İntiqam Bayram oğlu Əsgərlinin ailəsini ziyarət ediblər. Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyevanın salamlarını şəhidlərimizin valideynlərinə yetirərək, qəhrəman şəhid qardaşlara Allahdan rəhmət diləyib, Müvəkkilin qəhrəman şəhidlərimizin əziz xatirəsinə əbədi ehtiramını ifadə edib.
Z.İsmayılov daha sonra Azərbaycan Ombudsmanı tərəfindən şəhid ailələri, qazilər və müharibə veteranlarının hüquqlarının müdafiəsinə hər zaman böyük diqqət göstərildiyini bildirib. Görüş zamanı Z.İsmayılov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyevanın müharibə və postmüharibə dövründə mütərəqqi fəaliyyəti barədə də geniş məlumat verib.
Gizir İntiqam Bayram oğlu Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Kalinovka (indiki Viləş) kəndində anadan olub. 2008-ci ildə Masallı rayonu, S.Hacıyev adına Viləş kənd tam orta məktəbini bitirib. Türkiyədə Respublikasında kəşfiyyat kursunu bitirmiş və bu sahənin incəliklərini öyrənmişdir.
İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı gizir İntiqam Əsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. Gizir Şuşanı azad edən hərbçilərimizdən biridir. Şuşa uğrunda gedən döyüşlərdə şücaət və qəhrəmanlıq göstərərək şəhid olub. Onu da qeyd edim ki, İntiqam Əsgərli Aprel döyüşlərində də iştirak edib. Qardaşı Nurlan Əsgərli Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. Qardaşının cansız bədənini döyüş meydanından özü çıxarmış və bir gün intiqamını alacağına söz vermişdir. Qəhrəman gizirimiz Şuşa döyüşlərində şəhid qardaşının qisasını aldı. Bu yolda özü də şəhidlik zirvəsinə ucaldı.
Şəhid İntiqam Bayram oğlu Əsgərlinin Viləş kəndində torpağa tapşırılıb. Ailəli idi. İki övladı Vətənə əmanət qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən gizir İntiqam Əsgərli ölümündən sonra «Vətən uğrunda» medalına və Azərbaycan Respublikasının Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Hal-hazırda Şəhid ailəsi tərəfindən Birinci və İkinci Qarabağ Müharibəsi şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək üçün iki mərtəbəli “Şəhidlər muzeyi” tikilir. Tərəfimizdən tikintiyə baxış keçirilərək, müvafiq köməklik təklif olundu.
Ordumuzun aprel döyüşlərinin şəhidi gizir Nurlan Bayram oğlu Əsgərli və İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı gizir İntiqam Bayram oğlu Əsgərlinin valideynləri göstərilən diqqətə görə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyevaya dərin minnətdarlığını ifadə etdilər.






Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) Cənub Regional Mərkəzinin rəhbəri,
Ziya İsmayılov.
Şərhlər: 0
Şərh yaz
