Azinfo » Bloq » Köşə yazıları » Azərbaycana qarşı müşayiət olunan qərəzli mövqe yolverilməzdir

Azərbaycana qarşı müşayiət olunan qərəzli mövqe yolverilməzdir

Tarix : 21-12-2024   /   Bloq / Köşə yazıları  


Avropa siyasətinin tarixinə nəzər saldıqda onun əsasında həmişə güc mərkəzlərinin məkrli niyyətlərinin dayandığını görmək mümkündür. Əslində, bu siyasət irqçilik, etnik-dini parçalama, gərginlik yaratmaq və sümürgəçilik kimi prinsiplərlə formalaşıb. Avropa ölkələrinin fəaliyyət göstərdiyi beynəlxalq təşkilatların əksəriyyətində bu siyasətin və riyakarlığın açıq-aşkar təzahürləri müşahidə olunur.

Bu baxımdan Avropa Şurası mühüm beynəlxalq təşkilat kimi bərabərlik, ədalət və üzv dövlətlərin suverenliyinə hörmət prinsiplərini əsas tutmalıdır. Lakin son dövrlərdə bəzi avropalı deputatların Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə qarşı əsassız ittihamlar irəli sürməsi və ölkəmizə qarşı əsassız iddialar səsləndirməsi bu təşkilatın obyektivliyinə kölgə salır. Bu qərəzli yanaşma bir daha göstərir ki, Avropa Şurasının bəzi üzvləri açıq şəkildə Azərbaycanofobiya və İslamofobiya nümayiş etdirirlər. Halbuki beynəlxalq hüquq hər bir dövlətin hüquq və öhdəliklərinə hörmət etməyi tələb edir.

2022-ci il oktyabrın 12-də Avropa Şurası Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqətdən uzaq, erməni təbliğatının əsas tezislərini təkrarlayan, qərəz və yalanlarla dolu qətnamə qəbul etdi. O zaman rəsmi Bakı bu sənədi Avropa Şurasının Azərbaycana göstərdiyi qərəzli münasibətin növbəti nümunəsi kimi qiymətləndirdi. Bu mövqenin davamı olaraq, 2023-cü il oktyabrın 23-də “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edildi. Bu sənədin 23-cü bəndində Azərbaycan açıq şəkildə təhdid edildi və 19 sentyabr tarixində həyata keçirilən lokal anti-terror tədbirləri hərbi əməliyyat kimi təqdim olundu. Bununla yanaşı, erməni əsilli əhalinin Ermənistana könüllü köçü başqa şəkildə təsvir olunmağa çalışıldı. Halbuki bu tədbirlər Azərbaycan ərazisində separatizmə və hərbi təhdidlərə son qoymaq məqsədini daşıyırdı.

Eyni zamanda, AŞPA Azərbaycanın suveren hüquqlarını qorumaq istiqamətində atdığı addımları təhrif edərək, separatizmi dəstəkləyən Ermənistana arxa durmağa çalışdı. Qətnamədə Azərbaycanın nümayəndə heyətinə qarşı təzyiq göstərmək məqsədilə onların etimadnaməsinin tanınmaması ilə hədələndi. Bu qərarlar açıq-aşkar qərəzin təzahürüdür və beynəlxalq hüququn prinsiplərinə ziddir.

AŞPA-nın daha bir əsassız arqumenti Azərbaycanın nümayəndə heyətinə Laçın dəhlizinə səfər etməyə icazə verməməsi ilə bağlı idi. Bu iddia asanlıqla təkzib oluna bilər, çünki beynəlxalq təşkilatlara üzv olan hər bir dövlətin öhdəlikləri olduğu kimi, qarşılıqlı münasibətlərdə balanslı yanaşma da tələb olunur. Təəssüf ki, AŞPA 30 il ərzində Qarabağ və Laçın yolundakı işğal faktını görməzlikdən gəlmiş, amma Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmizə qarşı təzyiqlər göstərməyə başlamışdır. Bu vəziyyət AŞPA-nın qərəzli mövqeyinin və obyektivlikdən uzaq yanaşmasının bariz nümunəsidir.

Rəsmi Bakı, Almaniya və Fransanın təşəbbüsü ilə anti-Azərbaycan platformasına çevrilən bu qurumun obyektivliyinə artıq inanmır. Bu səbəbdən Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırmaq barədə qərar qəbul edib və təşkilatda iştirakını dayandırmaqla bağlı bəyanat yayıb. Bu bəyanatla Azərbaycan bir daha göstərdi ki, heç bir dövlət və ya beynəlxalq qurum onunla diqtə dilində danışa bilməz. Nümayəndə heyəti bəyanatı səsləndirdikdən sonra sessiyanı tərk etdi.

Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Monitorinq Komitəsinin qərarına etiraz məktubunda vurğulayıb ki, etimadnamənin ratifikasiyasından imtina AŞPA-nın nüfuzuna ciddi zərbə vuracaq və bunun mənfi nəticələrinə görə məsuliyyət dar düşüncəli addımın təşəbbüskarlarının üzərinə düşəcəkdir. Bu mövqe Azərbaycanın milli maraqlarına sadiq olduğunu və suveren hüquqlarından heç vaxt güzəştə getməyəcəyini bir daha sübut edir.



Qənbərzadə Lətifə Tərlan qızı 
Əfqan Mirzəyev adına Qızılavar kənd tam orta məktəbi

Şərhlər: 0

Şərh yaz