Azərbaycan Şərqlə-Qərb arasında mühüm körpü rolunu oynayır

Qloballaşan müasir dünyada sülh və sabitliyin möhkəmləndirilməsində, ictimai-siyasi tarazlığın qorunmasında, təhlükəsizliyin təmin olunmasında beynəlxalq təşkilatların üzərinə daha böyük vəzifələr düşür. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq arenada öz sözünü demiş, nüfuzu günbəgün artan bir qurum kimi diqqəti daha çox cəlb edir. Şanxay Əməkdaşlıq Təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri təşkilatın bütün coğrafiyasında regional təhlükəsizliyin təmin edilməsidir. Təşkilata üzv olan dövlətlər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq da hər zaman təşkilatın əsas vəzifəsi kimi gündəmdədir. ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Qurumun Səmərqənd sammitində İran tamhüquqlu üzv kimi qəbul edilib, bununla da ŞƏT-in üzvlərinin sayı 9 olub. Bunlar Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan və İrandır. Əfqanıstan, Monqolustan, Belarus müşahidəçi üzvlər, Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı dialoq tərəfdaşlarıdır.
Sentyabr ayının 15-16-da Özbəkistanın Səmərqənd şəhərində ŞƏT-in növbəti Zirvə görüşü baş tutdu. Bu görüşdə Azərbaycan pezidenti İlham Əliyev də iştirak etdi. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun əyani təsdiqidir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. Lakin gələcəkdə əməkdaşlığı daha da dərinləşdirmək və tam hüququlu üzv olmağa maraqlıdır. Qürurverici haldır ki, Azərbaycan üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alır, həmin tədbirlərdə fəal iştirak edir. Bu ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
Ölkəmizlə əməkdaşlıq ŞƏT-in özü üçün də olduqca cəlbedicidir. Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həll olunması regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Xüsusən, Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi, malik olduğu nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır.
Azərbaycan Prezidentinin ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə iştirakının daha bir əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, son günlər Ermənistan silahlı qüvvələri dövlət sərhədində Azərbaycana qarşı yenidən genişmiqyaslı təxribatlara əl atdı. Dünyaya daim sülh və əməkdaşlıq mesajları verən Azərbaycan, ərazilərini işğaldan azad etdikdən sonra dərhal genişmiqyaslı quruculuq-bərpa işlərinə başladığı halda, Ermənistan tarixi ənənəsinə uyğun olaraq, yenidən xəyanət taktikası seçdi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu iki il əvvəl olduğu kimi, yenə də Ermənistan silahlı qüvvələrinin layiqli cavabını verdi. Bu hadisələrdən sonra olduqca çətin vəziyyətə düşən Ermənistanın baş naziri Nikol Paşinyan ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə iştirak etməkdən imtina etdi. Bu da təsədüfi hal deyildi. Çünki dəfələrlə beynəlxalq konfranslarda Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında çıxılmaz və gülünc vəziyyətə düşən Nikol Paşinyan, yenidən bu durumla üzləşməmək üçün bu tədbirdə iştirak etməkdən boyun qaçırdı.
ŞƏT-ə üzv ölkələrin dövlət başçılarının sammitinin yekunu olaraq qəbul edilən Səmərqənd Bəyannaməsi əməkdaşlığın daha da dərinləşəcəyini göstərir. ŞƏT-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın maraqlarına tam uyğundur. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi
Şərhlər: 0
Şərh yaz
