Müzəffər Ali Baş Komandan İlham Əliyev !

Ulu Öndərin vəfatı bütün Azərbaycan xalqı üçün, dövlətçiliyimiz üçün və dünya siyasəti üçün çox böyük və ağır itki idi. Ölkəni yasa bürüyən bu itki, içimizdə ölkəmizin gələcəyi barədə qorxu yaratmışdı. SSRİ kimi əjdahanın ağzından çıxmış kiçik bir dövləti ayaqları üstündə tutan siyasi zəka artıq yox idi. Lakin, qəflət yuxusundan tez oyanıb xatırladıq ki, Heydər Əliyevin siyasi kursu nəinki öz qanından olanlara hətta bütün azərbaycanlıları irsən keçmişdi. Onun yaratdığı, formalaşdırdığı Azərbaycançılıq ideologiyası əsrlər boyu yaşamaq iqtidarındadır. Amma, təbii ki, bu kursu davam etdirə biləcək yeni bir liderə ehtiyacımız var idi. Belə olduqda hər kəsin ağlında Ümummilli Liderin bu çıxışı var idi: - Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Xalq artıq öz yeni liderini, yeni nəfəsini tapmışdı. Eyni ilə Ulu öndər kimi, cənab Prezident İlham Əliyev də xalqın iradəsi ilə hakimiyyətə gəlir. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
İnnovasiyanın, dinamikanın elçisi olan yeni Prezident ilk ilindən strateji cəhətdən çoxşaxəli addımlar atdı. Neft sektorunun inkişafının sürətlənməsi yolunda, ordu quruculuğunun müstəqil şəkildə yalnız azadlıq ruhuna köklənmiş formada inkişaf qazanması yolunda, maarifçilik və ideologiyalaşma yolunda mühüm addımlar atan Prezident lham Əliyev xalqın rəğbətini qazanmağa da elə prezidentliyinin ilk ilindən başladı. Azərbaycan vətəndaşını liderlik siyasətinin mərkəzinə qoyan cənab Prezidentin hər zaman ən əsas prioriteti xalqın rifahı olmuşdur. Bu məqsədlə iqtisadi, akademik, sosial inkişafa yüksək diqqət ayrılmışdır. Ölkənin birinci xanımı Mehriban Əliyevanın, respublikanın tale yüklü məslələrində, idarə olunmasında yer alması, onun kimi bacarıqlı qadınların bu sahədə irəli çıxa bilməsinə şərait yaratması cənab Prezidentin xalqın varlığına və daimiliyinə necə önəm verdiyinin, demokratiyanın nə qədər tərəfdarı olduğunun bariz nümunəsidir. Son dönəmlərdə qazandığı uğurlarla ölkə gəncliyini arxasına alan İlham Əliyev bütün sferalarda ölkəmizin maksimum səviyyədə təmsil olunmasına rəvac verir. 2020-ci ilin payızında əldə etdiyimiz Vətən Müharibəsi zəfəri, ölkəmizin eləcə də liderimizin nüfuzunu böyük ölçüdə artırdı. Bütün yollar Qarabağın azadlığına aparır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bundan sonra dünya artıq azərbaycanlının, onun liderinin sözünü dinləməyə məcbur oldu. Öz haqq yolunda nəhəng dövlətlərinin liderlərinin anti-Azərbaycan cəhdlərinin, danışıqlarının, suallarının və davranışlarının qarşısında dik və məğrur dayanan cənab Prezident İlham Əliyev bu gün dünya liderləri tablosunda özünəməxsus bir yerə sahibdir. Daima milli maraqları ön planda tutan İlham Əliyev Qarabağ məsələində sərgilədiyi peşakarlıq və prinsipial, dönməz mövqeyindən doğan cəsarətlə atdığı hər addımda daima uğur əldə etmişdir. Bu gün xalq onun arxasında vahid şəkildə birləşib. Bu gün onun ədalət prinsiplərinin, haqq səsinin ardınca 50 milyona yaxın bir kütlə addımalyır. Vətən Müharibəsi bunu bütün dünyaya göstərdi. Ədalət səsimizi qısmağa, haqqımız olanı almamızı yubatmağa çalışan bütün dünya təşkilatlarına rəğmən savaş qərarı verə bilmə iradəsinə və cəsarətinə sahib olan lider müharibəyə məhz “Mən ata vəsiyyətini yerinə yetirdim” ifadəsi ilə nöqtə qoydu. Bu Cənab Prezident üçün bütün uğurlarını özündə ehtuva edən tale yüklü bir cümlə idi. Hər birimiz o mükəmməl günü, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunma xəbərini verdiyi çıxışı xatırlayırıq. Dolmuş gözlərlə, titrəyən və qürur dolu səsi ilə xalqına 30 ilə yaxın atəşin duyğularla gözlədiyi xəbəri verməyin simasında yaratdığı ucalıq görüntüsü yəqin ki, heç bir azərbaycanlının xatirəsindən silinməz. Özünə miras olaraq vəzifəni, mövqeyi deyil də xalqın 30 illik arzusunun məsuliyyətini seçən bir Prezident təbii ki, lider adını haqq edən bir Prezidentdir. İndi isə bizim üçün əsas məsələ Qarabağın dirçəlməsidir. İşğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu vətən hər zaman öz qəhramanlarının hesabına var olmuş və ayaqda qalmışdır. Qürurverici haldır ki, bu gün Azərbaycan xalqı öz Prezidenti, lideri ilə fəxr edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının qəhrəmanıdır!
"Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin dərnək rəhbəri Fərid Hüseynov. Masallı rayon Sığıncaq kəndi.
