Tarixi zəruruyyətdən yaranan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır.

Hər bir siyasi partiyanın keçdiyi yolun əsaslarına diqqət yetirmək, onun fəaliyyətinin xronikası və dinamikasını tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Bunlardan biri partiyanın yarandığı şərait, daha dəqiq desək, hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.Həmin vaxt hakimiyyətdə olan AXC- Müsavat liderlərinin bacarıqsızlığı, səriştəsizliyi, naşılığı ucbatından səriştəsiz qüvvələr öz antimilli, yəni milli maraqlardan uzaq siyasətləri ilə Azərbaycanı parçalanma, hətta məhvolma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı xilası böyük dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. Həmin dövrdə Ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri idi. 1992-ci ilin oktyabrın 16-da 91 nəfər ziyalı “SƏS” qəzetində ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Qeyd edək ki, ulu öndər Heydər Əliyev ziyalılara göndərdiyi cavab məktubu da “SƏS” qəzetində dərc olundu.Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayında “91-lər”in Ulu Öndərə müraciətinə yönəldərək onların fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.Noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Ümummilli lider Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi. Həmin dövrü xatırlayan Prezident İlham Əliyev bildirib ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçib: “1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır”.
Bəli, bu gün 30 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 800 minə yaxın insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi. Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrildi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda, partiyanın yaranmasında ifadə olunan tarixi zərurəti və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi. Və bunlar təkcə proqram vəzifələri olaraq kağız üzərində qalmadı. Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası xalqımızın ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək bu gün ölkəmizi tarixinin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr qazandı. YAP-ın fəaliyyəti, ideyaları, apardığı siyasət göz önündədir. Ötən müddət ərzində uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil.
Xanım Əliyeva Mahmudavar kənd tam orta məktəbin direktoru
