Azinfo » Bloq » Köşə yazıları » 27 illik Kəlbəcərsiz həsrətinə son qoyuldu.Kəlbəcərə qayıdarıq dedik və qayıtdıq.

27 illik Kəlbəcərsiz həsrətinə son qoyuldu.Kəlbəcərə qayıdarıq dedik və qayıtdıq.

Tarix : 25-11-2022   /   Bloq / Köşə yazıları  

             

 Ulu öndər Heydər Əliyevin dediyi kimi “Kəlbəcər yenə də öz keçmiş, gözəl dövrünə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır. O, gün həm kəlbəcərlilər üçün, həm də bizim üçün əziz olacaqdır”.

            

Bəli dahi Öndərimizin istəyi,arzusu Ali Baş Komandanımızın apardığı uğurlu siyasəti nəticəsində Kəlbəcərimiz düşməndən azad edildi. 2020-ci ilin 25 noyabrı da  xalqımızın şərəf tarixinə parlaq hərflərlə yazıldı. Bu gün Azərbaycanımızın zümrüd qaşı, Qarabağın qala qapısı Kəlbəcərimizin işğalına son qoyuldu. 27 illik ayrılıqdan, həsrətdən, niskildən, acınacaqlı didərginlik həyatından sonra kəlbəcərli yurddaşlarımız, nəhayət ki, öz dədə-baba yurdlarına dönürlər. BMT-nin 30 ilə yaxındır ki, kağız üzərində qalan qətnamələrini döyüş meydanında təkbaşına icra edən Azərbaycan dövlətinin, Ali Baş Komandanımızın və Müzəffər Ordumuzun sülhə məcburetmə əməliyyatları nəticəsində bu gün BMT Təhlükəsizlik Şurasının daha bir qətnaməsi - bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan dərhal çıxarılmasını tələb edən  822 saylı qətnamə də həyata keçirildi.

                

Haqq-ədalət bərpa olunub və Azərbaycanın ən gözəl rayonlarından biri, Kiçik Qafqazın xəzinələr diyarı, cənnəti olan Kəlbəcər azadlığına qovuşub. İndi bu füsunkar bölgənin inkişafı ilə bağlı strateji planlar sürətlə reallığa çevrilir, Böyük qayıdış üçün mükəmməl layihələr gerçəkləşdirilir.

         

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu rayona qalibiyyət səfəri etdi və elə orada da bəyan etdi ki, Kəlbəcəri cənnətə çevirəcəyik.Sözü əməli ilə bir olan Prezidentimiz Kəlbəcəri cənətməkana çevirir.

             

Kəlbəcər Azərbaycanda ən qədim insan məskənlərindən biridir. Rayon ərazisində aşkarlanan bir çox tarixi tapıntılar, 3500-ə qədər qaya təsvirləri ərazinin qədim insan məskəni olduğunu isbat edir. Kəlbəcərdə qədim qalalar, alban abidələri, daşlar üzərində yazılar, qəbirüstü qoçlar və atlar, daşdan yonulmuş müxtəlif fiqurlar, bəzək daşları və bunun kimi qədim tariximizin yadigarları olduqca çox idi. Rayon ərazisində yerləşən Xudavəng monastrı, Zar mağarası, Comərd qalası, Löh qalası kimi abidələr Azərbaycan tarixinin əzəmətini, mədəni sərvətlərimizin tükənməzliyini bütün dünyaya nümayiş etdirən tarixi abidələrdir. Təəssüf ki, mənfur qonşu 27 il ərzində bu tarixi abidələrin bir çoxunu dağıdıb, talayıb və özününküləşdirməyə çalışıb, abidələr üzərində saxtalaşdırmalar aparıb. Kəlbəcər torpağı həm də mədəniyyətin, sazın-sözün beşiyi, qüdrətli sənətkarların yetişdiyi bir diyardır.

              

Kəlbəcər rayonu  Azərbaycanın ən füsunkar təbiətə malik diyarlarından biri, əsl cənnətməkandır. Rayon ərazisi 30 mindən çox bulağı, 4 mindən artıq müxtəlif növ bitkisi, sahəsi 30 min hektardan çox meşələri, 4 min metrə qədər yüksəkliyi olan zirvələri, ucsuz-bucaqsız çəmənlikləri ilə mübaliğəsiz təkrarolunmaz təbiət incisidir.

               

Vaxtilə Ulu Öndər Heydər Əliyev çıxışlarının birində demişdi ki, Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur: "Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar". Ulu Öndərin vaxtilə qətiyyətlə səsləndirdiyi o fikirlərdəki xoşbəxtliyə yetişmişik və Kəlbəcərə rayon əhalisinin  əbədi dönəcəyi günə də çox az qalıb.

               

Möhtərəm  Prezident İlham Əliyevin diqqət və nəzarəti altında Kəlbəcərdə kompleks işlər sürətlə həyata keçirilir. İnfrastruktur layihələr gerçəkləşdirilir, yollar, tunellər inşa olunur, su-elektrik stansiyaları qurulur, əhəmiyyətli obyektlərin bünövrələri qoyulur. Qısa zamanda Kəlbəcərdə, ümumiyyətlə, işğaldan azad edilən bütün ərazilərimizdə geniş quruculuq və bərpa işləri üçün siyasi qərarlar verilib və verilməkdə davam etdirilir. 

 

İşğal altındakı torpaqlarımızı cəmi 44 gün ərzində azadlığına qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyev indi də qurucu lider, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bütün layihələrin baş memarı kimi doğma yurdlarımızın bərpa olunması və tezliklə Qarabağ əhalisinin, həmçinin Kəlbəcər elinin illərdir həsrətini çəkdiyi əzəli torpaqlarına qovuşdurulması üçün gecə-gündüz əzmlə çalışır.

 

 

             Əntiqə Tağıyeva-        Masallı Tarixdiyarşunalıq müzeyi

 

Şərhlər: 0

Şərh yaz