Dayanıqlı iqtisadi inkişaf

Reallaşdırılan islahatlar bir tərəfdən iqtisadiyyatın inkişafı, eləcə də dayanıqlığın və inklüzivliyin təmin edilməsinə əlverişli şərait yaradıb. Digər tərəfdən isə bu, sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar açıb. Respublikada sosial paketlərin icrası ilə həm minimum əməkhaqqının, həm də orta aylıq əməkhaqqının təxminən bir neçə dəfə artımının reallaşması da sosial təminatın daha da gücləndirilməsini şərtləndirib.
Son illərdə pandemiyanın təsirləri, eləcə də qlobal bazarlarda, o cümlədən neft bazarında volatilliyin yüksək olmasına baxmayaraq, ölkəmizdə sosial proqramların icrası uğurla gerçəkləşdirilib. Hazırda davam etdirilən islahatlar növbəti illərdə də Azərbaycanın daha da inkişafı üçün əlverişli zəmin yaradıb.
Respublikamızın BMT-nin “davamlı inkişaf məqsədləri indeksi” üzrə regional liderə çevrilməsi faktı bir daha göstərir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan qlobal gündəliyin formalaşmasında və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir.
Şübhəsiz ki, hesabatda əksini tapan məqamların əsasında dayanan əsas amillərdən biri də Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlardır. Belə ki, dövlət başçısının reallaşdırdığı islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını, onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edir. Eyni zamanda, Azərbaycanda reallaşdırılan sosial siyasət nümunəvi xarakter daşıyır.
Son illərdə gerçəkləşdirilən və ölkə əhalisinin rifahının yüksəlməsində mühüm rol oynayan böyük sosial paketlər də bunun bariz ifadəsidir.
Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, yoxsulluğun azaldılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal çətinliklərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlükəsizliyinin təmin olunması, mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 18 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də etiraf olunub.
Hazırda qarşıda duran ən mühüm məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın əsasında sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.
Azərbaycan hazırda bütün sahələrdə öz nümunəsini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən ölkə kimi tanıdıb. Dövlət rəhbəri bəyan edib ki, qarşıda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Respublikamızın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir.
Dünyanın iqtisadi cəhətdən qabaqcıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirib
Ülvi Rufullayev- Masallı rayon Binə Xocavar kəndi.
