Azinfo » İqtisadiyyat » Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib

Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib

Tarix : 18-09-2024   /   İqtisadiyyat / Sosial xəbərlər  

 Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yeni inşa edilən “Kəpənək” uşaq bağçası fəaliyyətə başlayıb.

Azinfo.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Bağçanın direktoru Yuliya Əliyeva Leyla Əliyevaya məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, “Kəpənək” bağçasının əsas məqsədi uşaqların həm akademik, həm də sosial-emosional inkişafını dəstəkləmək, onların məktəb mühitinə uyğunlaşmasına kömək etməkdir.
Bağçada 3-6 yaş arası uşaqlar üçün müxtəlif qruplar yaradılıb. Burada 3-4, 4-5 və 5-6 yaşlı uşaqlara xidmət göstəriləcək. Təhsil müəssisəsi yüksək keyfiyyətli tədrislə yanaşı, uşaqların hərtərəfli inkişafını və sosial tədbirlərdə fəal iştirakını təmin etməyi qarşıya məqsəd qoyub. Bağça uşaqlar üçün təhlükəsiz mühit yaratmaqla bərabər, onların qayğı və sevgi ilə əhatə olunmasını hədəfləyir. Bununla yanaşı, uşaqların yaradıcılıq və əqli inkişafına yönəlmiş dərsdənkənar fəaliyyətlər də təşkil ediləcək.

Leyla Əliyeva bağçanın iki mərtəbəli binasında müxtəlif yaş qruplarına aid otaqlarla tanış olub və tədris prosesi ilə bağlı tövsiyələr verib. Bağçanın müəllim heyətinin peşəkar inkişafına, onların müxtəlif təlimlərə cəlb olunmasına xüsusi önəm veriləcəyi vurğulanıb. Həmçinin, təhsil müəssisəsinin Kembric proqramının keyfiyyətli tədrisinə də diqqət yetirəcəyi və bu məqsədlə onlayn təlimlərə qatılacağı bildirilib.

Şərhlər: 0

Şərh yaz