"Azərkosmos"un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib

Azərbaycanın Kosmik Agentliyi – "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov Beynəlxalq Astronavtika Federasiyasının vitse-prezidenti seçilib. Bu qərar Milan şəhərində keçirilən Federasiyanın Baş Assambleyasının iclasında qəbul edilib. Müzakirələrdən sonra Saməddin Əsədovun namizədliyi Federasiyanın bürosu və komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib.
Beynəlxalq Astronavtika Federasiyasının Büro orqanı təşkilatın əsas icra strukturu hesab edilir. Vitse-prezident kimi Saməddin Əsədovun vəzifələrinə Baş Assambleyanın plenar iclaslarına və konqreslərinə rəhbərlik etmək, üzv dövlətlərin kosmik qurumları ilə əməkdaşlığı gücləndirmək və Federasiyanın illik maliyyə hesabatının hazırlanmasına nəzarət etmək daxildir. Eyni zamanda, o, Federasiya daxilində komitələrin təyin olunmasına və kosmik sahədə üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə də töhfə verəcək.
Saməddin Əsədovun Beynəlxalq Astronavtika Federasiyasında vitse-prezident kimi fəaliyyəti Azərbaycanın kosmik sahədə qazandığı nailiyyətlərin qlobal səviyyədə daha geniş platformalarda səsləndirilməsi üçün böyük imkanlar yaradacaq. Bu, Azərbaycanın kosmik sənayesinin beynəlxalq aləmdəki mövqeyinin daha da güclənməsinə və ölkəmizin bu sahədə nüfuzunun artmasına töhfə verəcək.
Şərhlər: 0
Şərh yaz
