Azinfo » İqtisadiyyat » Sahibkarlıq » Pakistan iş adamları Qarabağa investisiya qoymağa dəvət edilib

Pakistan iş adamları Qarabağa investisiya qoymağa dəvət edilib

Tarix : 17-09-2024   /   İqtisadiyyat / Sahibkarlıq  

Pakistan nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Pakistan arasında ticarət sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə Birgə İşçi Qrupunun növbəti iclası baş tutub.
Azinfo.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə iqtisadiyyat nazirinin müavini və Birgə İşçi Qrupunun həmsədri Səməd Bəşirli Azərbaycan ilə Pakistan arasında mövcud olan yüksək səviyyəli siyasi və iqtisadi əlaqələri vurğulayıb. O, Pakistan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edərək, iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişinin ticarət dövriyyəsinin artırılmasında və iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayacağını bildirib. Pakistan iş adamları, işğaldan azad edilmiş ərazilərdə və sənaye parklarında mövcud olan əlverişli imkanlardan istifadə etməyə, kənd təsərrüfatı, yüngül sənaye və turizm kimi sahələrə sərmayə qoymağa dəvət edilib.

Pakistan Ticarət Nazirliyinin katibi və Birgə İşçi Qrupunun həmsədri Camal Paul da öz növbəsində, ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirib və bu əməkdaşlığın gələcək inkişaf perspektivlərindən danışıb. O qeyd edib ki, Azərbaycan və Pakistan ticarət, sərmayə, sənaye, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək üçün mühüm addımlar atır.

Görüş zamanı qarşılıqlı investisiyaların artırılması və ticarət dövriyyəsinin genişləndirilməsi üçün bir sıra təkliflər irəli sürülüb. Tekstil, turizm və enerji sektorlarında sərmayələrin yatırılması və kiçik və orta biznes subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də müzakirə edilib.

Sonda Azərbaycan və Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 4-cü iclasının yekun Protokolu imzalanıb.

Şərhlər: 0

Şərh yaz