Azinfo » Siyasət » Müasir Azərbaycançılıq ideaologiyasının banisi Ümumilli lider Heydər Əliyev.

Müasir Azərbaycançılıq ideaologiyasının banisi Ümumilli lider Heydər Əliyev.

Tarix : 03-05-2023   /   Siyasət  


"Hər bir insan üçün onun milli mənsubiyyəti, onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəmki mən azərbaycanlıyam. Nitqimi Ulu Öndər Heydər Əliyevin bu sözləri ilə başlamaq istədim."– bunları Azinfo.az-a müsahibəsi zamanı Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev deyib.  

"Dünya azərbaycanlılarının birinci qurultayı zamanı bu çıxışı hər kəs ayaqda alqışlayan zaman anlamaq olardıki, bu fikirlər hələ uzun müddət insanların dillərinin əzbəri olacaq. Biz bu gün müstəqil Azərbaycan dövlətində yaşayırıq. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası isə Azərbaycançılıqdır. Ulu Öndər Heydər Əliyev mustəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən, Azərbaycançılığı milli dövlətçilik ideologiyası kimi sistemə saldı. Onu ümumilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Azərbaycan xalqı hər zaman bir qüvvə kimi çalışmışdır. Məhz, bunun nəticəsidir ki, ölkəmiz günü-gündən inkişaf edir. Çiçəklənən ölkəmizin inkişaf yolu çox çətin, bir o qədər də mənalı olmuşdur. Ölkənin inkişafı dedikdə onun dilinin, dininin, mədəniyyətinin ümumillikdə milli ideologiyasının inkişafı nəzərdə tutulur. Dünya səviyyəsində Azərbaycan və Azərbaycançılıqdan söz açdıqda Heydər Əliyev xatırlanır."

Seyfəddin Əliyev həmçinin onu da qeyd edib ki , Heydər Əliyev Azərbaycançılıq fəlsəfəsinin banisi və simvoludur. Ölkənin inkişafinda milli məfkurənin rolu danılmazdır. Milli məfkurənin formalaşmasında tarixi 100 illəri ötən dövlətlərə baxmaq, onların praktikasından istifadə etmək lazım olur. Belçikaya səfərində, orada yaşayan azərbaycanlılarla görüşü zamanı Heydər Əliyev belə demişdir, “Hər bir xalq tək öz çərçivəsinə qapılıb içində yaşasa, dünyanı görməsə, dünyayla əlaqəsi olmasa, o, çox inkişaf edə bilməz”. Məhz, bu səbəbdən Ümumilli Lider azərbaycanlı tələbələrin maariflənməsini prioritet öhdəliklərdən biri kimi nəzərə alaraq, daim xarici ölkələrlə əlaqələrdə olub, Azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alıb, maarifləşməsi üçün çox böyük uğurlara imza atmışdır. 

Hələ Azərbaycan SSRİ-in daxilində ikən azərbaycanlı tələbələrin xarici ölkələrin tanınmiş universitetlərində təhsil alması üçün, Heydər Əliyev Moskvadan icazə alaraq, hər il 800-900 gəncin ölkədən kənarda təhsil almasına şərait yaratmışdır. Milli ideologiyanın inkişafında mədəniyyətdən söz açmamaq olmaz. Ulu öndər hesab edirdi ki, mədəniyyət və ideologiya eyni məqsəddə, gələcəyi formalaşdırmaq kimi tarixi məqamda birləşir. Əgər təhsil informasiyanın təbliğ funksiyasını ifadə edirsə, mədəniyyət onun təlqin funksiyasını öz üzərinə götürür. Mədəniyyətin başlıca vəzifəsi xalqda vətənpərvəlik əxlaqının formalaşdırılmasıdı. Ümumilli Liderimizin söylədiyi kimi: “Mən bir azərbaycanlı kimi və özündə həm milli mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəlb edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi əxlaqı, mentaliteti bizim xalqımızın ən böyük sərvətidir”. Elə, Ulu Öndərimizin söylədiyi kimi bu gün dünya ölkələri arasında öz mədəni irsi ilə yüksək təbəqədə yer alan müstəqil dövlətin nümayəndələriyik və bununla fəxr edə bilərik. Məfkurənin inkişafı üçün Heydər Əliyev dil və ədəbiyyat sahələrinədə böyük önəm verirdi. Onun sözləri ilə desək, “ Özümüzün adımız var-Azərbaycan, özümüzün dilimiz var- Azərbaycan dili və çoxda gözəl dilimiz var, çox zəngin dilimiz var və çox ləzzətli dilimiz var.” Dil ölkəni, milləti formlaşdıran başlıca amildir. Ölkənin formalaşmasında ideologiyanın rolu olduğu kimi, ideologiyanında formalaşmasında dilin rolu böyükdür. “Bir milləti məhv etmək istəyirsənsə, öncə onun dilini əlindən al”. Bu fikir dilin xalq üçün nə qədər dəyərli olduğunu göstərməyə kifayət edir. Azərbaycançılıq ideologiyasının geniş inkişafının təməl prinsiplərindən biridə müxtəlif dövlətlərdə öz ölkəni təmsil etməkdir. Brüsseldə səfərdə olan zaman, Heydər Əliyev belə demişdir: ”Azərbaycanlılar yayılsın, səpələnsin. Azərbaycanın diasporası olsun”. Ümumilli Lider Heydər Əliyev ölkəyə başçılıq etdiyi gündən bir çox dövlətlərdə səfərdə olmuşdur. O, bu səfərlərində hər dəfə azərbaycanlılarla görüşürdü. Heydər Əliyevin Azərbaycan diaspora təşkilatları ilə keçirdiyi görüşlərin yekunu olaraq, 2001-ci ildə soydaşlarımız doğma vətəndə toplaşdılar. Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkədə “Dünya Azərbaycanlılarının Birinci Qurultayı” keçirildi. Bu qurultay dünya azərbaycanlılarını bir yerə topladı və Azərbaycançılıq məfkurəsini çox irəli mərtəbələrə daşıdı. Bu gün Heydər Əliyev siyasətini çox uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevdə, Azərbaycançılıq ideologiyasının inkişafına böyük önəm verir. Bunu İlham Əliyevin Dünya azərbaycanlılarının 3-cü qurultayındakı çıxışı ilə sübut etmək olar: “Bizim bir vətənimiz var, Azərbaycan, bizim bir dilimiz var, Azərbaycan dili, bizim ümumxalq ideologiyamız var, Azərbaycançılıq məfkurəsi.” Ulu Öndərimizin müəllifi olduğu Azərbaycançılıq ideologiyası çox çətin mübarizələrdən keçərək formalaşdı və xalqımızın həyatına daxil oldu.


Son olaraq Seyfəddin Əliyev bildirdi ki, Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin yayılması üçün mədəni-mənəvi, ictimaisiyasi və ideoloji mühit yaratdı. Beləliklə, Heydər Əliyev ideologiyanın zənginləşməsinə əhəmiyyətli töhfələr verərək, onu Azərbaycanın milli ideologiyası səviyyəsinə yüksəltdi və çağdaş dövlətçiliyə tətbiq etdi. Azərbaycan insanında dövlətə hörmət hissini formalaşdırdı. Bu gün biz həmən məfkurəni yaşadırıq. Elmi, nəzəri və praktik baxımdan formalaşdırılan komplektləşdirilmiş ideologiya bizim nəslə gəldiyi kimi, biz tərəfdən, bizdən sonra gələn nəsillərə də, ötürüləcəkdir.

Şərhlər: 0

Şərh yaz