44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ BÜTÜN DÜNYAYA TÜRKİYƏ-AZƏRBAYCAN BİRLİYİNİ BİRDAHA NÜMAYİŞ ETDİRDİ.
44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ
BÜTÜN DÜNYAYA TÜRKİYƏ-AZƏRBAYCAN BİRLİYİNİ BİRDAHA NÜMAYİŞ ETDİRDİ.
İkinci Qarabağ müharibəsi işğal edilmiş torpaqlarını azad edən Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmışdır. Bu 44 günlük müharibə təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq təhlükəsizliyin təmini üçün müsbət nəticələnmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsi xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. 28 ildən sonra şəhidlərimizin qanı bahasına, ordumuzun böyük şücaəti sayəsində yenidən doğma yurdumuza qovuşmaq bizə nəsib oldu. Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi dəstəyini və köməyini əsirgəmədi.Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı regionda sabitliyin, tərəqqinin olmasına mühüm töhfələr verir. Azərbaycan xalqı və dövləti olaraq, Türkiyənin dəstəyini hər zaman hiss etmişik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir. Müharibənin başladığı ilk günlərdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var. Böyük kürsülərdən dəfələrlə səsləndirilən bu açıqlamalar eyni zamanda, Ermənistanın havadarlarına, onu müdafiə edən qüvvələrə və ölkəmizə qarşı ədalətsiz mövqedə duran qruplara bir mesaj oldu. O, Azərbaycanın apardığı haqlı mübarizəsində dünya ölkələrinə kənarda durmalarını, bu məsələyə müdaxilə etməməyi bəyan etdi
Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi.
Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Bu iki qardaş dövlət məsuliyyətli tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirə bilir. Bu, tarixən də belə olub, illər keçsə də belə olacaqdır. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.
Azərbaycan torpaqlarının işğalı Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına imkan vermədi. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına çox çalışsa da, buna nail ola bilmədi. Türkiyənin mövqeyi qəti idi: “Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla sərhəd açılmayacaq”.
Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə Zəfər tarixini yazdı. Vətən müharibəsi 44 gün davam etsə də, onun nəticəsi, Azərbaycanın hərbi-siyasi qələbəsi min illərlə danışılacaq. Vətən müharibəsi ərazi bütölüyümüzün təmin olunması üçün haqqın-ədalətin bərpası içtiqamətində göstərilən şücaəti, eyni zamanda, kimin kim olduğunu, kimin dostun, kimin düşmənin yanında olduğunu nümayiş etdirdi. Bu həlledici məqamda yenə də Azərbaycan-Türkiyə birliyi öz sarsılmazlığı ilə diqqətdə oldu. Müharibənin ilk günündən Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfərimizin, Azərbaycan Ordusunun Qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında da ölkəmizi tək qoymadı, birlik, həmrəylik nümayiş etdirərək bu fikri böyük inam və qətiyyətlə səsləndirdi: “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!”
Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi bu günün, dünənin dostluğu deyil. Bu dostluq, qardaşlıq dərin köklərə, tarixə malikdir. “Bizim birliyimizdən çox şey asılıdır” söyləyən Prezident İlham Əliyev Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını daim faktlar əsasında diqqətə çatdırır. Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün bizim qədər əzmkarlıq göstərir. Rəsmi dövlət nümayəndələrinin, eyni zamanda, güclü diasporun Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyli yolunda atılan ciddi siyasi addımlar hesab edilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə BMT Baş Assambleyasındakı çıxışında qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu, bizim haqq işimizə davamlı dəstəyini bir daha bütün dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsi dövründə də Türkiyədən olan nümayəndə heyətlərinin Azərbaycana səfər etməsi və ölkəmizə siyasi-mənəvi dəstək verməsi, Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu dəfələrlə nümayiş etdirib.
-“Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Bütün digər ölkələr ki, bizə siyasi dəstək göstərdilər, biz onlara da minnətdarıq”, - deyə Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb.“
Əfrail Fərziyev
YAP Masallı rayon təşkilatının veteran üzvü
Şərhlər: 0
Şərh yaz