Azinfo » Siyasət » Azərbaycan Pakistan Respublikaları arasında əməkdaşlığın şaxələnməsi

Azərbaycan Pakistan Respublikaları arasında əməkdaşlığın şaxələnməsi

Tarix : 15-07-2024   /   Siyasət  


Azərbaycan və Pakistan qədim tarixi bağlara dayanan dost və qardaş ölkələrdir. Prezident cənab İlham Əliyevin cari il iyulun 11-12-də Pakistanda rəsmi dövlət səfərində olması iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək. Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərifin keçirdikləri həm təkbətək, həm də geniş tərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyi, o cümlədən ticari-iqtisadi əməkdaşlıq, enerji, daşımalar, müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub. Keçirilən görüşlərdən sonra mətbuata bəyanatla çıxışında cənab Prezident İlham Əliyev əminliklə bildirib ki, tezliklə müxtəlif sahələr üzrə yeni əməkdaşlıq proqramları işlənib hazırlanacaq və bu, ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirəcək.

Azərbaycan ilə Pakistan arasında mövcud münasibətlərin tarixindən danışarkən, əlbəttə ki, mədəni və dini aspektlərlə yanaşı, siyasi əlaqələri də qeyd etmək lazımdır. Xatırladaq ki, 1993-cü il aprelin 30-da keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik edib. 1996-cı ildə Ulu Öndər Heydər Əliyev Pakistanda rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan vermişdi. Səfər zamanı Azərbaycan və Pakistan prezidentləri Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan etmişdilər. Həmçinin Prezident Heydər Əliyev Pakistanın Baş naziri Bənazir Bhutto ilə keçirilmiş birgə mətbuat konfransında çıxış edərək demişdir: "Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycan Prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik".


Bu gün Azərbaycan artıq özünün ərazi bütövlüyü və suverenliyini tam bərpa edib. Pakistanın isə ərazi problemi hələ də öz həllini gözləyir. Əlbəttə ki, bu vəziyyət ölkəmizin prinsipial mövqeyinə qətiyyən heç bir təsir göstərə bilməz. Bu məqam cənab Prezident İlham Əliyevin çıxışında da öz əksini aydın şəkildə tapıb: "Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq".


İyulun 12-də İslamabadda Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.



Elçin Sadıxov 
YAP Masallı rayon təşkilatı 
Böyük Kolatan ərazi partiya təşkilatının sədr müavini






Şərhlər: 0

Şərh yaz