Enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır

“The European House – Ambrosetti” beyin mərkəzinin “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirdiyi 48-ci Beynəlxalq Çernobbio Forumunda ölkə başçısı Prezident İlham Əliyev olduqca əhəmiyyətli və vacib məqamlara toxunmuşdur.
Prezident Azərbaycan və İtaliya arasında davamlı olaraq strateji tərəfdaşlıq, iqtisadi inkişaf və enerji məsələləri mövzusunda müzakirələr aparıldığını diqqətə çatdırmışdır. Hal - hazırda ən aktual mövzulardan biri enerji təhlükəsizliyidir. Azərbaycanın enerji strategiyası mərhələlərə bölünüb.
Enerji strategiyasının birinci mərhələsi müstəqillik əldə etdiyimiz dövrə təsadüf edir. 1994-cü ildə müstəqilliyimizin bərpasından üç il sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Bununla da ölkəmiz Avropa bazarına , xüsusilə də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. Artıq Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir.
Enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycanın mövcud təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. TANAP və TAP boru kəmərlərinin istifadəyə verilməsi ilə Azərbaycan Avropaya 13,5 milyard kubmetr qaz nəql edib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu rəqəmlər ölkəmizin qonşu ölkələr bazarında etibarlı təchizatçı olduğunu göstərir.
Son olaraq enerji strategiyasının üçüncü mərhələsinə gəldikdə ölkəmizin bərpaolunan enerji mənbələrinə sərmayenin qoyulması nəzərdə tutulur. Artıq mövcud potensial dəyərləndirilib və bu sahənin inkişaf etdirilməsi mərhələsinə qədəm qoyulmuşdur.
Azərbaycanın qarşıda duran əsas prioritet məsələsi enerji resurslarının daha da inkişaf etdirilməsidir. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdir. İxrac potensialı artdıqca ölkələrarası tərəfdaşlıq daha da möhkəmlənəcək.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi
Şərhlər: 0
Şərh yaz
