Azinfo » Siyasət » Qlobal Bakı Formu mühüm platforma kimi

Qlobal Bakı Formu mühüm platforma kimi

Tarix : 14-03-2023   /   Siyasət  



Bu günlərdə respublikamız növbəti beynəlxalq tədbirə - X Qlobal Bakı Forumuna ev sahibliyi etdi. Dünya bu gün: Çağırışlar və ümidlər mövzusunda keçirilən budəfəki Foruma da qlobal miqyasda maraq olduqca böyükdür. Bunu Forumda iştirak etmək üçün Azərbaycana 4 prezidentin, 2 baş nazirin, 6 spiker və nazirin, BMT-nin 5 qurumunun rəhbərliklərinin, 25 sabiq prezidentin, 21 sabiq baş nazirin səfəri də təsdiq edir. Ümumilikdə Forumda 61 ölkədən 360-dək nümayəndə iştirak edib.

İlk olaraq qeyd etmək yerinə düşərdi ki, paytaxtımızda keçirilən və artıq ənənə şəklini alan Bakı Qlobal Forumu Azərbaycan Prezidentinin cənab İlham Əliyevin beynəlxalq arenada güc, qüdrət və eyni zamanda, yeni yanaşmalara maraqlı olmasının ən böyük göstəricisidir. Əbəs deyil ki, 2013-cü ildən etibarən Bakıda keçirilən bu forum indiyə qədər bir çox önəmli məsələlərin müzakirəsi ilə yadda qalıb. Heç şübhəsiz ki, dövlətimiz dünyada yeni yaranan dəyərlərin, eyni zamanda, dünya üçün əhəmiyyətli olan məqamların hər zaman ön planda olmasını təmin edib. Dünyada yaşanan katoklizmlər, böhranlar, ikili standartlar artıq süquta uğramış multikultural dəyərlər, tolerantlıq və insanların sülh sabitlik kimi birgə yaşayış modelləri içərisində yaşamasının qeyri-mümkün olduğu bir zamanda Azərbaycan özünün modelini multikultural, tolerantlıq modelini yaratdı.

Qlobal Forumun Bakı şəhərində keçirilməsi də dünya ictimaiyyətinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə siyasi və humanitar dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir. Bu Forum dünyadakı aktual məsələlərin, bəşəriyyəti düşündürən mühüm hadisələrin və proseslərin müzakirə olunduğu qlobal platformadır. Bu müzakirələrə onlarla ölkədən görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər, diplomatlar qoşularaq diskussiya və dialoq aparırlar ki, bu da Forumun nüfuzunu və çəkisini daha da artırır. Bu mənada Forum keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda səylərə şərait yaradır. Forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi anlaşma üçün əlverişli şərait yaratdığı şübhəsizdir.

Eyni zamanda, dünyaya yeni bir model də təqdim edildi - İllərlə bizim acılarımızı, bizə qarşı törədilən soyqırımları, yaşadığımız çətinlikləri görməzdən gələn dünyanın qarşısında da yeni bir pəncərə açdı və sübut etdi ki, sözün həqiqi mənasında, Azərbaycan müasir dünyada yaşanan bütün proseslərdən halidir, bütün proseslərin içərisindədir və belə demək mümkündürsə, gedən proseslərdə əsas və önəmli aktlardan biridir.

O cümlədən, bu illər ərzində - 2013-cü ildən indiyə qədər 10 tədbir keçirilib və bu il artıq həm də Qlobal Bakı Forumunun 10 illiyini də qeyd edirik. 10 il az bir zaman kəsiyi deyil. 10 il ərzində bu tədbirlərdə müxtəlif məsələlər müzakirə olunub və dünyanın xeyrinə olan bir çox qərarlar da məhz builki Qlobal Bakı Forumunun nəticələri olaraq qəbul olunub. Yeni yanaşmaların bu Forum vasitəsilə əsası qoyulub.

Prezident İlham Əliyev bu nüansa toxunaraq deyib: Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Burada 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbəttə, ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrdir. Mən Forumun proqramı ilə tanış oldum. O, hər zaman olduğu kimi kifayət qədər genişdir. Proqram Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır”.

44 günlük Vətən müharibəsindən sonra qazanılan qələbə, əslində, dünyaya Azərbaycanın yenidən bir inteqrasiya prosesini başlatdı. Amma bu dəfə yeni reallıqlar vasitəsilə oldu. Yəni indiyə qədər Azərbaycanın bəzi məqamlarda səsi eşidilmirdisə, artıq bu gün Azərbaycan həm də qalib ölkədir. Bu il daha çox dünyanın qarşısını kəsən təhdidlər və həmin təhdidlərdən çıxış yolları axtarmaq məqsədilə Qlobal Bakı Forumunun iştirakçıları ölkəmizin paytaxtına yığılıblar və bu forumun iştirakçıları dünyada mövcud olan yeni təhdid mexanizmlərinin, əslində, birgə yaşayışa nə qədər ziyan vura biləcəyi ilə bağlı dünyaya mesaj vermək üçün buradadırlar.

Bu tədbirin məhz Bakıda keçirilməsi Azərbaycana dünya miqyasında verilən böyük önəmin bariz nümunəsidir. Coğrafi baxımdan Şərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycanın belə bir mötəbər forumlara ev sahibliyi etməsi bu ölkəmizin dünyada dialoqun qurulmasında mühüm rol oynadığını göstərir. O cümlədən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan gücünü, beynəlxalq nüfuzunun şahidinə çevrilir.

Eyni zamanda, bu cür forumlar Azərbaycanın üzləşdiyi haqsızlıqları, ölkəmizə qarşı beynəlxalq ikili standartları dünyaya çatdırır. Ola bilsin ki, hansısa tədbir iştirakçısı Azərbaycana dair məsələlərlə bağlı məlumatlıdır. Lakin Bakıya gəlməyi onun təsəvvürlərini tamamilə dəyişir və yeniləyir. Nəzərə alsaq ki, bu cür forumların iştirakçıları əsasən ictimai rəyə təsir etmək iqtidarında olan insanlardır, o zaman onların əhəmiyyəti daha aydın görünər. Bu mənada Qlobal Bakı Forumu bütün parametrləri ilə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından ölkəmiz üçün olduqca mühüm platformadır.

Azərbaycanda keçirilən bu forumda əsas qayə dünyanın yeni reallıqlara hazır olması, yeni reallıqların içərisində bir vaciblik, yəni birgə yaşayışın, sülhün, sabitliyin, stabilliyin vacibliyi və dövlətlərin, cəmiyyətlərin, insanların, dinlərin, dəyərlərin bir-biri ilə yola getməsi, bir-biri ilə sülh şəraitində, əmin-amanlıq şəraitində yaşamasının vacibliyini ön plana çıxardır.

Biz bu gün həm də yeni reallıqları nəzərə alırıq. Yəni, dünyada reallıqlar var ki, həmin reallıqlar əməkdaşlıqdan keçir və hər zaman yəni sülh üçün çıxış yolları axtarmaq, dünyanı bu son gəldiyi vəziyyətdən, böhrandan əvvəlki vəziyyətə geri gətirmək lazımdır. Onun üçün çalışırıq və dünyada, əslində, dəyərlərin müharibəsi yox, dəyərlərin birgə yaşayışı vacibdir.

Qlobal Bakı Forumunun böyük keçirilmə səbəblərindən biri də dəyərlərin münaqişəsi yox, dəyərlərin birgə yaşayışının təmin olunması və yeni dünyada baş verən müəyyən katoklizmlərdən xilas olmanın yollarını axtarmaqdır. Bu gün çıxış edənlərin hər biri, əslində, dünyanı təhdid edən dəyərlərdən danışdı. Bu cür mötəbər bir tədbirin məhz ölkəmizin paytaxtında keçirilməsi Azərbaycan üçün böyük amildir. Çünki biz bu tədbiri hər il keçirdikdə, əslində, yeni nələrsə öyrənirik.

Qlobal Bakı Forumunda aparılan müzakirələrin və fikir mübadilələrinin dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyi şübhəsizdir. Çünki ötən forumların nəticələri bunu söyləməyə əsas verir.


Elçin Sadıxov
YAP Masallı rayon təşkilatı
Böyük Kolatan Ərazi partiya təşkilatının sədr müavini

Şərhlər: 0

Şərh yaz