Azinfo » Siyasət » Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Tarix : 16-03-2023   /   Siyasət  

Prezident İıham Əliyev : "Səfər zamanı apardığımız danışıqlar bir daha onu göstərir ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir, siyasi dialoq müntəzəm olaraq aparılır"."Almaniya ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

"Əminəm ki, mənim səfərim bizim ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir", - deyə dövlətimizin başçısı vurğulayıb. Bəli, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət kursu ölkəmizin həm iqtisadi, həm də beynəlxalq aləmdə yüksəlişinin təminatçısıdır. Bu prosesdə heç şübhəsiz ən ciddi faktor liderlərin Prezident İlham Əliyevə ehtiramı, ölkə başçısının qlobal siyasət meydanında olan nüfuzudur. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin rəhbərlərinin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirak, hətta bu tədbirlərə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərimizin nüfuzu sayəsində dünya siyasi sistemində Qoşulmama Hərəkatı ikinci ən böyük diplomatik platforma və güc mərkəzinə çevrilib. Eyni zamanda, Azərbaycanın enerji resurslarının Avropa üçün əhəmiyyəti ölkəmizi Qərb üçün də mühüm tərəfdaşa çevirib. Dövlət başçımızın dəfələrlə söylədiyi kimi, bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır.

Elə bu günlərdə, yəni martın 13-də Prezident İlham Əliyevin Kansler Olaf Şoltsun dəvəti ilə Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində dövlətimizin başçısının Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə, Kansler Olaf Şoltsla və bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçən görüşləri, iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı aparılan fikir mübadiləsi bir daha Azərbaycan Prezidentinin beynəlxalq aləmdə nüfuzunun təsdiqi olmaqla Almaniyanın Azərbaycanın əhəmiyyətini qəbul etməsidir. Bütün sahələrdə olduğu kimi, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Bir sözlə, Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının inkişafı baxımından Azərbaycan Prezidentinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə üç saata yaxın davam edən uğurlu görüşləri bir daha dövlətimizin həm iqtisadi, həm də beynəlxalq qüdrətini Avropada nümayiş etdirmiş oldu.

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın 30-a yaxın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı Münxendə keçirilən görüşü xatırdadıb: "Biz üç həftə bundan əvvəl Münxendə görüşmüşdük. Beləliklə, bu, bir az müddətdə mənim Almaniyaya ikinci səfərimdir. Bu dəfə mən Almaniyaya Kansler Olaf Şoltsun dəvəti ilə gəlmişəm.

Dövlət başçısı ölkəmizin iqtisadi cəhətdən müstəqil olduğunu deyərək bildirib ki, məhz buna görə də Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi: "Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Biz, əslində, beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik və yeni kreditlər götürməyi planlaşdırırıq".

Prezident İlham Əliyev onu da bildirib ki, idi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir: "Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qazı ixrac edirik".

Prezident İlham Əliyev onu da vurğulayıb ki, son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb: "Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Faktiki olaraq, bu, mənim bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi".

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə onu da deyib ki, artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələrə başlamışıq: "Lakin infrastruktur layihələri, yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından, bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur. Biz nisbətən bu yaxınlarda qəbul edilmiş 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq".

"Bu yaxınlarda - bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb»,- deyən Azərbaycan Prezidenti “Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik".

Dövlət başçımız bildirib ki, artıq ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb: "İki ildən çox bundan əvvəldən etibarən bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq". Dövlətimizin başçısı 16 milyard kubmetr tutumu olan TANAP-ın 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ın isə 20 milyard kubmetrədək genişləndirilməsinin planlaşdırıldığını vurğulayaraq bildirib: "Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır, çünki təsəvvür edə bilərsiniz ki, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var".

Bəli, bu gün neft ölkəsi və eyni zamanda, qaz ixracatçısı kimi də nüfuz qazanır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələri ölkələri və xalqları birləşdirən körpü rolunu oynayır. Bu layihələr yalnız iştirakçı ölkələrin deyil, dünya dövlətlərinin də uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar açdı.

Dövlət başçısı İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunduğunu deyib: "Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var".

Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna tələbatın artdığını qeyd edən dövlətimizin başçısı bildirib: "Ötən il tranzit yüklərimizdə 75 faizdən çox artım olub və hətta bizim nisbətən yeni tikilmiş yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb. Bir sözlə, biz çox ürəkdən çalışırıq və əlavə maliyyə vəsaitlərini ayırırıq ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun. Əlbəttə ki, bütün bunlar icra olunmalıdır. Təbii ki, ümidvarıq, Almaniya şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar".

Bir sözlə, enerjiyə olan daxili tələbatını ödəyən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilərək dünyanın enerji xəritəsinə mütəmadi əlavələr edir və Azərbaycanın malik olduğu nəhəng enerji resurslarından daha səmərəli istifadə etməsi üçün yeni imkanlar yaranır.

Prezident İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında bildirib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri istiqamətində çox önəmli addımlar atılır: "Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bizim niyyətimizi göstərir. Memorandumun sürətlə və vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır".

Azərbaycan Prezidenti mətbuata bəyanatında onu da söyləyib ki, biz Avropa məkanına qaz ixracatımızı artırırıq: "Əgər 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm haradasa 12 milyard kubmetrə çatacaq. Bu rəqəmin Azərbaycanın ümumi qaz ixracatının yarısı olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib.

"Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək",- deyən dövlətimizin başçısı bildirib ki, Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir. Artıq bir neçə kontraktın imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib: "Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcəkdir".

Beləliklə, bu gün uğurlu enerji siyasəti reallaşdıran Azərbaycan Avropanın enerji bazarında mühüm faktora çevrilib və Azərbaycanın nəhəng enerji potensialı ölkəmizin daha neçə onilliklər ərzində də Avropanın enerji təminatında həlledici rol oynamasına imkan yaradacaq.

Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq. Dövlət başçımızın söylədiyi kimi: "Mən Almaniya ilə Azərbaycan arasında müzakirə etdiyimiz sahələrdə və bu sahələrdən də kənara çıxaraq həqiqətən də güclü tərəfdaşlığın olacağını səbirsizliklə gözləyirəm".




Lətifə Qənbərzadə
YAP Masallı rayon təşkilatı
Qızılavar ərazi partiya təşkilatının sədr müavini

Şərhlər: 0

Şərh yaz