Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 28 mart tarixində Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin etmişdir.

İşğal dövründə Ermənistanın Laçın rayonu ərazisində törətdiyi vəhşiliklərdən danışarkən qeyd olunmuşdur ki, Laçın rayonu 28 il işğal altında olmuşdur və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Cənab Prezident bildirmişdir ki, Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və Qəhrəman ordumuz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, Azərbaycanın böyük tarixi Zəfəridir.
Avropa Parlamentinin və Fransanın ermənipərəst , anti-Azərbaycan mövqeyinin hələ da davam etdirini bildirən cənab Prezident qeyd etmişdir ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, anti-Azərbaycan rüşvətxor qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. Beynəlxalq vasitəçilər - ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu - Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər.
Qarşıda duran vəzifələrdən bəhs edilərkən qeyd olunmuşdur ki, bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır. Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Azərbaycan yolu yenidən qurur və bir çox tunellər inşa edilir. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açılır və eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.
Laçınlıların öz ata baba yurdlarına qaydışı ilə əlaqədar bildirilmişdir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işləri cari ilin sonuna qədər başa çatdırılacaq. Bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkün öz ata baba yurdlarına qayıdacaqdır. Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur.
Qəbul zamanı cənab Prezident işğaıdan azad edilmiş ərazilərdə tətbiq olunan Yeni idarəetmə üsulunun əhəmiyyətindən danışarkən bildirmişdir ki, gələcəkdə bu idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.
İlkin Quliyev
YAP Masallı rayon təşkilatının məsləhətçisi
Şərhlər: 0
Şərh yaz
