Azinfo » Siyasət » Daxili siyasət » Ayxan Hacızadə Aİ-nin 11 sentyabr tarixli çıxışı ilə bağlı məsələyə münasibət bildirib

Ayxan Hacızadə Aİ-nin 11 sentyabr tarixli çıxışı ilə bağlı məsələyə münasibət bildirib

Tarix : 11-09-2024   /   Siyasət / Daxili siyasət  

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) bəyanatına dair Avropa İttifaqının (Aİ) 11 sentyabrda verdiyi açıqlamaya münasibət bildirib.

Azinfo.az-a xəbər verir ki, Nazirlik qeyd edib ki, Aİ-nin Avropa Şurası Nazirlər Komitəsinin iclasında 3 iyul tarixli İQAK bəyanatına əsaslanaraq Azərbaycanla bağlı tənqidi çıxışı qəbuledilməzdir.

Ayxan Hacızadə mövzu ilə bağlı bunları bildirib: "Xarici İşlər Nazirliyi olaraq, 4 iyul 2024-cü ildə İQAK-ın ictimai bəyanatına cavab verərək, ətraflı mövqeyimizi açıqlamışıq. Avropa İttifaqının bu bəyanata yenidən qərəzli münasibət göstərməsi yolverilməzdir və bu ittihamları tamamilə rədd edirik."

O, Aİ-yə üzv dövlətlərdə insan hüquqları sahəsindəki pozuntulara diqqət yetirilməsini tövsiyə edib və xüsusilə Fransada "sarı gödəkçələr" aksiyalarında baş verən ölümlər, neokolonial siyasətin nəticələri, rüşvətxorluq və korrupsiya halları kimi məsələlərin hələ də adekvat şəkildə araşdırılmadığını vurğulayıb.
Hacızadə, həmçinin, Aİ-nin Ermənistandakı insan hüquqları pozuntularına biganə yanaşmasını ikili standartların göstəricisi kimi qiymətləndirib. O, Aİ-nin Azərbaycana qarşı davam edən bu kimi açıqlamalarını ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirib və COP29 tədbiri ərəfəsində aparılan bu kampaniyanı qərəzli yanaşmanın bariz nümunəsi adlandırıb.

O, əlavə edib ki, Azərbaycanda insan hüquqları beynəlxalq standartlara uyğun qorunur və Avropa İttifaqının bu məsələlərlə bağlı irəli sürdüyü ittihamlar əsassızdır.

Şərhlər: 0

Şərh yaz