Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub

Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi ilə Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olan JF-17C (Block-III) təyyarələri təqdim edilib. Bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibinə daxil olub.
Azinfo.ax xəbər verir ki, Prezident İlham Əliyevə müdafiə naziri general-polkovnik Zakir Həsənov raport verib. Təqdimat mərasimində Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza da iştirak edib və təyyarələrin texniki xüsusiyyətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, JF-17C (Block-III) təyyarəsi gündüz və gecə rejimində, istənilən hava şəraitində istifadə edilə bilən, yüngül çəkili, çoxməqsədli bir döyüş təyyarəsidir. Bu təyyarələr həm hava-hava, həm də hava-yer döyüşlərində yüksək manevr qabiliyyətinə və güclü atəş gücünə malikdir.
Azərbaycan Ordusunun son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında geniş miqyasda inkişaf etdiyi vurğulanır. Xüsusilə Vətən müharibəsindən sonra ordunun yeni texnologiyalarla təchiz olunması və döyüş hazırlığının artırılması istiqamətində böyük addımlar atılıb. Ali Baş Komandan İlham Əliyev Azərbaycanın hərbi gücünün artırılmasını birinci növbəli vəzifə kimi qeyd edib və bu sahədə mühüm irəliləyişlərin əldə olunduğunu bildirib.
Eyni zamanda, Azərbaycan-Pakistan hərbi əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir. Pakistan, Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olaraq, hərbi və strateji sahələrdə ölkəmizə dəstək verir. Prezident İlham Əliyevin bu ilin iyul ayında Pakistana səfəri iki ölkə arasındakı strateji əlaqələri daha da gücləndirib.
Şərhlər: 0
Şərh yaz
