Azərbaycan Prezidenti: Müharibə cinayətləri törətmiş şəxslər Ermənistanda qəhrəmanlaşdırılıb
Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və video materiallar açıq mənbələrdə mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versələr də, Ermənistanda bu cinayətlərə görə hələ heç kim məsuliyyətə cəlb olunmamış, əksinə, həmin şəxslər qəhrəmanlaşdırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransa ünvanladığı məktubda da bu məqama toxunulub. Prezident qeyd edib ki, müxtəlif dövrlərdə Ermənistanda hərbi canilər və komandirlər kütləvi məzarlıqlar barədə məlumata sahib olduqlarını bildirsələr də, Ermənistan bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumat verməkdən imtina edir.
Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, əsir və girov götürülmüş azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri açıq şəkildə pisləməli və bu cinayətlərdə günahkar olan şəxsləri cəzalandırmalıdır. Bu, iki ölkə arasında etimadın qurulmasında təsirli addımlardan biri ola bilər.
Şərhlər: 0
Şərh yaz