11–12 sentyabr tarixlərində Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Times Higher Education Beynəlxalq Reytinq Agentliyinin əməkdaşlığı çərçivəsində “Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə qarşı mübarizə” mövzusunda beynəlxalq forum keçirilib. Forum Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universitetində baş tutub.
Nazirlikdən verilən məlumata görə, bu forumun əsas məqsədi Birləşmiş Millətlər Təşkilatının 13-cü Dayanıqlı İnkişaf Məqsədinə dəstək vermək, ali təhsil müəssisələrinin iqlim böhranı ilə mübarizədə rolunu gücləndirmək və bu sahədə tərəfdaşlığı inkişaf etdirməkdir. Həmçinin, elmi tədqiqatlarda iqlim dəyişikliyinə qarşı mübarizənin vacibliyi vurğulanıb.
Forumun açılışında elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan ali təhsil müəssisələrinin COP29-a hazırlığına və universitetlərin rəqabətqabiliyyətliliyinin artırılmasına diqqət çəkib. Energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov isə ölkənin yaşıl enerjiyə keçidi və enerji təhlükəsizliyi mövzularında çıxış edib.
Times Higher Education Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə baş direktoru Fil Bati, Azərbaycan universitetlərinin BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə fəaliyyətlərini yüksək qiymətləndirib və onların THE Impact reytinqində qazandıqları uğurlara toxunub.
Forum çərçivəsində təşkil edilən panel müzakirələrində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, COP29-un iqlim üzrə çempionu Nigar Arpadarai və bir sıra beynəlxalq mütəxəssislər, o cümlədən Kembric və Sinqapur Milli Universitetlərinin nümayəndələri iqlim maarifləndirilməsi mövzusunda çıxış ediblər.
Forumda 26 ölkədən 200-dən çox nümayəndə iştirak edib.

