Azinfo » Xəbər » Sosial xəbərlər » Qəbələdə sahibkar və fermerlərlə yanğın təhlükəsizliyi ilə bağlı görüş keçirilib

Qəbələdə sahibkar və fermerlərlə yanğın təhlükəsizliyi ilə bağlı görüş keçirilib

Tarix : 15-04-2022   /   Xəbər / Sosial xəbərlər  

Aprelin 15-də Qəbələ rayon Mədəniyyət Mərkəzində təbiət ərazilərində yanğın təhlükəsizliyi ilə bağlı 13 rayonun sahibkar və fermerləri ilə görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, rayon icra hakimiyyətlərinin, "Azərişıq" və "Azəriqaz" ASC-lərin rəsmi nümayəndələrinin iştirak etdiyi görüşün iştirakçıları əvvəlcə Qəbələ şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışıb, bu mövzuda keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, mövcud yanğınların 98 faizi bilavasitə insan faktoru ilə əlaqədardır. “Yanğın baş verən sahənin normal halına qayıtması üçün onilliklər lazımdır. Planetimizdə qlobal istiləşmə prosesi gedir və günbəgün temperatur artır. Yanğınların söndürülməsinin əsas vasitəsi sudur. Nəzərə almaq lazımdır ki, bizim ölkədə su ehtiyatları azdır. Suya olan tələbatımızın 70 faizi respublikamızdan kənarda formalaşır. Bundan əlavə, hər dəfə yanğın baş verərkən söndürülməsi üçün dövlət vəsaiti sərf olunur. Buna görə də hamımız çox diqqətli olmalıyıq. Hər il xəbərdarlıq edilir ki, taxıl biçildikdən sonra sahəni yandırmaq olmaz. Təəssüflər olsun ki, bəzi təsərrüfatçıların məsələyə primitiv yanaşması indi də davam edir. Sahənin yandırılmasının məhsuldarlığa xeyri olduğunu düşünənlər var. Halbuki, əslində bunun əksi baş verir”, - deyə nazir müavini söyləyib.

Firdovsi Əliyev bildirib ki, bu il “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşı Marafon”) çərçivəsində 3 milyon tingin əkilməsi nəzərdə tutulub. Yaz əkin mövsümündə 360 hektar ərazidə 660 minə yaxın ağac tingi əkilib. Əkilən tinglərin arasında meşə cinsli tinglər üstünlük təşkil edir. Bununla paralel 8 min 600-ə yaxın meşə cinsli və meyvə cinsli tinglər paylanılır. Bu proses aprel ayının sonuna kimi davam edəcək. İDEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bu kampaniya çərçivəsində ötən il 2 milyon ting əkilib. Bu proses işğaldan azad olunan ərazilərdə də davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov qeyd edib ki, bu ilin məhsulu üçün 1 milyon hektardan çox sahədə taxıl əkilib. Bunun 600 min hektardan çoxu buğda, qalanı isə arpa sahələridir. O bildirib ki, taxıl əkini respublikamızın ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də aidiyyəti qurumlarla birlikdə taxıl sahələrinin yanğından qorunmasını təmin etmək üçün əlimizdən gələni etməliyik. Bunun üçün digər dövlət qurumları ilə birlikdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərilir. Cari ildə bu istiqamətdə görüşlərimiz Xaçmaz və Qəbələdə keçirilib. Digər bölgələrdə də profilaktik və maarifləndirmə istiqamətində tədbirlər davam edəcək. Kənd təsərrüfatı əkinlərinin yanğınlardan qorunması yanğından mühafizə əməkdaşları ilə yanaşı, bütün aqrar sahədə çalışan əməkçilərin, təsərrüfat başçılarının, mexanizatorların və digər şəxslərin də ümdə vəzifəsi olmalıdır”, - deyə şöbə müdiri söyləyib.

Baş Prokurorluğun idarə rəisi Ramil Məcidov bildirib ki, ölkə ərazisində baş verən bütün yanğın hadisələri, miqyasından asılı olmayaraq Baş Prokurorluğun rəhbərliyinin və aidiyyəti idarələrin daim diqqətindədir. Yanğın təhlükə yaradan, təşvişə səbəb olan, insanların sağlamlığına və həyatına qəsd edən, əmlakın, meşələrin məhvinə səbəb olan bir hadisədir. Bu səbəbdən yanğınların baş verməsində təqsiri olan şəxslər ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyəti tədbirləri nəticəsində müəyyən edilir, cinayət və inzibati məsuliyyətə cəlb olunur.

Ramil Məcidov qeyd edib ki, ümumilikdə, 2020-ci ildə baş vermiş yanğın hadisələri barədə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinə 1794 material, 2021-ci ildə isə 1948 material daxil olub. Bütün materiallar üzrə, həmçinin istintaq olunan cinayət işləri üzrə qanuni və əsaslı qərarların qəbul edilməsinə Baş Prokurorluq tərəfindən prosessual nəzarət edilib.

Daxili İşlər Nazirliyinin şöbə müdiri Vüqar Məmmədov ehtiyatsızlıqdan və yaxud məqsədyönlü şəkildə biçindən sonra taxıl sahələrinə od vurulmasının böyük fəsadlara səbəb olduğunu vurğulayıb. Bildirilib ki, əkin sahələrinin yandırılmasının yolverilməzdir, bu cür hallar qanun pozuntusu olaraq məsuliyyət doğurur. Yanğınların digər əkin sahələrinə, meşəlik ərazilərə, ətrafdakı tikililərə, ərazidən keçən yüksəkgərginlikli elektrik xətlərinə ciddi zərərvurma ehtimalının olduğu diqqətə çatdırılıb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev sahibkar və fermerlərə təbiət ərazilərində yanğın təhlükəsizliyi mövzusunda ətraflı məlumat verərək, ötən il qeydə alınan yanğın hadisələrinin statistikasını qeyd edib. Bildirilib ki, ötən il 15 min 60 yanğın hadisəsi baş verib. Onlardan 77-si qaz sızması, qaz balonlarının partlaması, hamamlarda və məişətdə quraşdırılan qaz avadanlıqlarında baş verən qəzalar zamanı qeydə alınıb. Ümumilikdə, 2021-ci ildə yanğın hadisələri zamanı 38 nəfər həlak olub. Onlardan 12-si qaz sızması və partlayışlar nəticəsində olub.
Nazir müavini deyib ki, Baş nazir tərəfindən əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə sərəncam imzalanıb. Bu sərəncama uyğun olaraq, ölkə üzrə insanların kütləvi toplaşdığı qeyd olunan bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi, insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda, sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə, mülkiyyət formasından asılı olmayaraq, bütün sosial təyinatlı obyektlərdə, xəstəxanalarda, təhsil müəssisələrində, tamaşa və mədəni-maarif təşkilatlarının binalarında (teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.), əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə (ticarət mərkəzləri, kafelər, restoranlarda yoxlamalar aparılacaq. Təhlükəsizlik qaydalarını pozan şəxslər cəzalandırılacaq.

Yanğın hallarının qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları, əkinin ətrafında müəyyən olunmuş qaydada şumlanmış “mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə xəbərdarlıqlar edilib, onlara lazımi tövsiyələr verilib.

Şərhlər: 0

Şərh yaz