Türkiyə kənd təsərrüfatı nazirinin müavini FHN-də olub
Azərbaycan Respublikasının Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə dəvəti ilə Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Azinfo.az FHN-in saytına istinadən verdiyi xəbərə görə, martın 30-da Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti, əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra “Türk şəhidliyi” abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Ziyarətlər zamanı qonaqları Türkiyə Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov müşayiət ediblər.
Daha sonra Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan nazir müavini Etibar Mirzəyev qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasındakı yüksələn xətlə inkişaf edən münasibətlərin əhəmiyyətindən danışıb, bütün sahələrdə olduğu kimi, fövqəladə halların idarə edilməsi, o cümlədən meşə yanğınları ilə mübarizə istiqamətində də yüksək səviyyəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. E.Mirzəyev 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin ölkəmizə göstərdiyi güclü siyasi dəstəyin Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyini xatırladıb.
Nazir müavini, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyət sahələrindən ətraflı bəhs edib, ötən ilin iyul-avqust aylarında Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Nazirliyin yanğın-xilasetmə qüvvələrinin qardaş ölkədə təbii fəlakətin qarşısının alınması istiqamətində fəaliyyətini xatırladaraq, bunu ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin daha bir göstəricisi adlandırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Fatih Metin fövqəladə hallarla mübarizə, o cümlədən meşə yanğınlarının söndürülməsi istiqamətində iki qardaş ölkənin uyğun qurumları arasında əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, həmçinin ötən ilin yayında Türkiyədə baş vermiş yanğınların söndürülməsində Azərbaycan yanğınsöndürən-xilasedicilərinin fədakar fəaliyyətindən danışıb, göstərilən dəstəyə və yardıma görə cənab Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkürlərini bildirib. Qonaq, eyni zamanda hər iki nazirlik arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyi diqqətə görə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişcinin adından Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova təşəkkürünü bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və Dövlət Yanğından Mühafizə Xidməti Səbail Rayon Yanğından Mühafizə Hissəsinin fəaliyyəti ilə yerində tanış olublar.
Şərhlər: 0
Şərh yaz