Azinfo » Mədəniyyət və İdman » Idman » Digər növlər » Masallıda yeni güləş zalı istifadəyə verilib.

Masallıda yeni güləş zalı istifadəyə verilib.

Tarix : 19-11-2024   /   Mədəniyyət və İdman / Idman / Digər növlər  


Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbində (UGİŞM) açılan güləş zalının açılış mərasimində Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektorunun müdiri Elman Rzayev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Yusif Xamıyev, Olimpiya, Avropa və dünya çempionları, Azərbaycan milli güləş komandasının məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  

Mərasim Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər Azərbaycanın idman sahəsində qazandığı uğurlardan və bu prosesdə həm Ümummilli Lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin dəstəyi ilə güləşin ölkədə əsas idman növlərindən birinə çevrildiyini vurğulayıblar.  

Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və digər çıxışçılar yeni zalın Masallıda güləş idmanının inkişafına böyük töhfə verəcəyinə inandıqlarını bildiriblər. Onlar idmanın kütləviliyinin artırılması və regionlarda gənclərin mənəvi və fiziki inkişafının dəstəklənməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.  

Respublikanın Əməkdar məşqçisi Qurbanəli İsayev və Masallı UGİŞM-nin məşqçi-müəllimi Cavad Həsənov zalın istifadəyə verilməsinə göstərilən dəstəyə görə minnətdarlıq edib, bu cür idman obyektlərinin gələcək çempionların yetişməsində mühüm rol oynayacağını qeyd ediblər.  

Açılış mərasimindən sonra yeniyetmə güləşçilərin nümunəvi çıxışları nümayiş olunub, tədbir iştirakçıları Masallı və Ərkivan qəsəbəsindəki digər güləş zallarına baş çəkiblər. Mərasim xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Şərhlər: 0

Şərh yaz