Samir Şərifov İranın XİN Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşüb
Tarix : 24-09-2024 / ---

2024-cü il sentyabrın 23-də Bakı şəhərində Azərbaycan və İran İslam Respublikalarının Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Azinfo.az xəbər verir ki, məsləhətləşmələrə Azərbaycan tərəfdən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran tərəfindən isə eyni idarənin rəhbəri Əlirza Mahmudi başçılıq edib.
Görüşlər çərçivəsində İran nümayəndə heyəti Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov tərəfindən qəbul edilib. Tərəflər iki ölkə arasındakı əməkdaşlığın cari vəziyyəti və bu əlaqələrin inkişafı yolları haqqında geniş müzakirələr aparıblar.
Tədbirdə Azərbaycanın Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri də iştirak ediblər.
Danışıqlar zamanı konsulluq sahəsində ikitərəfli əlaqələrin inkişafı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, beynəlxalq axtarışda olan şəxslərin təhvil verilməsi və məhkum olunmuş şəxslərin cəzalarının qalan hissəsini öz ölkələrində çəkməsi kimi vacib məsələlər müzakirə olunub.
Həmçinin, Azərbaycanın və İranın daxili işlər, sərhəd və gömrük orqanları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub.
Şərhlər: 0
Şərh yaz
