İkiqat Paralimpiya çempionu: Parisdə 80 000 azarkeş Azərbaycan himnini dinlədi, həmin an hər şeyə dəyərdi

Paris-2024 Yay Paralimpiya Oyunlarında uzunluğa tullanma üzrə qızıl medal qazanan və ikiqat Paralimpiya çempionu Orxan Aslanov Azinfo.az-a verdiyi açıqlamada yarışla bağlı təəssüratlarını bölüşüb.
Təcrübəli idmançı Parisdə əldə etdiyi qələbənin ona verdiyi xüsusi duyğuları belə təsvir edib: “Parisdə fəxri kürsünün ən yüksək pilləsində dayanıb himnimizi səsləndirmək mənim üçün böyük bir qürur idi. Tokioda da qızıl medal qazanmışdım, lakin Parisdəki atmosfer tamamilə fərqli idi. Tokioda azarkeşlər yox idi, himnimiz çalınanda sadəcə mən və komanda üzvlərimiz var idi. Parisdə isə 80 min insan Azərbaycan himnini dinlədi, bu, hər şeyə dəyərdi.”
Aslanov, həmçinin "Şöhrət" ordeni ilə təltif olunmasının onun üçün böyük xoşbəxtlik olduğunu qeyd edib: “Prezident tərəfindən təltif edildiyimi bilmirdim, bunu mənə sonradan çatdırdılar. Həmin an yaşadığım hissləri sözlə ifadə etmək çətindir. Cənab Prezident İlham Əliyevə və idmançılara göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm. Vitse-prezident Mehriban Əliyevanın bizi təbrik etməsi və şəkillərimizi paylaşması mənim üçün böyük motivasiya oldu. Bu, eyni zamanda gənc idmançılar üçün də motivasiya qaynağıdır."
29 yaşlı çempion gələcək planlarından da danışıb: “Gələcək Paralimpiya Oyunlarında da ölkəmizə töhfə vermək istəyirəm. Yaşla bağlı müəyyən çətinliklər olsa da, fərqli planlarımız var. İnşallah, hər şey yaxşı olacaq."
Şərhlər: 0
Şərh yaz
