Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verir.
Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verən ölkədir. Azərbaycanda multikulturalizm dövlət siyasətinin tərkib hissəsidir. Dünyada sivilizasiyalar arasında toqquşmaların baş verdiyi bir zamanda mədəniyyətlərarası dialoq, multikulturalizm ide-yasının təbliği xüsusi önəm daşıyır. Demokratik dəyərlərin ən qədim və təməl proseslərindən biri olan mədəniyyətlərarası dialoq diskriminasiya, təcrid olunma və şiddətə qarşı ən effektiv çarədir. Onun ali məqsədi çoxmədəniyyətli dünyada sülhü təmin etmək və insanların təhlükəsiz yaşaya biləcəyi cəmiyyətlər inşa etməkdir. Son illərdə mədəniyyətlər arası dialoqun təşviqi və inkişafında Azərbaycan əhəmiyyətli rol oynayır. Bu çərçivədə müxtəlif konfranslar təşkil olunmuş, onlarla məqalə və elmi iş yazılaraq mədəniyyətlərarası dialoqa töhfələr verilmişdir. Bu ənənənin əsası 2011-ci il mayın 27-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” fərmanla qoyuldu. Həmin ildə bu fərmanla Azərbaycanda 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. 1-ci forumun əsas məqsədi mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə ayrı-ayrı aspektlərinin nəzərdən keçirilməsi və yerli, regional və qlobal səviyyələrdə gücləndirilməsinə təşviq edilməsi idi. Həmçinin, bu sənəd forumun 2011-ci ildən başlayaraq hər iki ildən bir keçirilməsini və müxtəlif mədəniyyətləri təmsil edən xalqlar arasında dialoq və etimadın möhkəmləndirilməsini əsas məqsəd kimi özündə ehtiva edirdi.
Bu gün millətlərin birgəyaşayış fəlsəfəsi müasir proseslərdə önəmli rol oynayır. Bu proseslər isə müxtəlif yerlərdə həm qloballaşma, həm də inteqrasiya olaraq təsnif edilir, lakin adlandırılmadan asılı olmayaraq bu qaçınılmaz prosesdir və dünyanın gələcəyi artıq mədəniyyətlərarası münasibətlərdən asılıdır. Xalqlar bir-birinin varlığını qəbul etməli, bir-birinə hörmətlə yanaşmalı və müasir dünyanın birgəyaşayış prinsiplərinin məsuliyyətini anlamalıdırlar. Bu baxımdan Azərbaycan bu proseslərin təşkilində və təşviqində əhəmiyyətli rol oynayır. Hətta Azərbaycan həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə dövlətdir ki, bu da onu Qərb və Şərq dövlətləri arasındakı mədəni münasibətlərin inkişafında körpü rolu oynamasına gətirib çıxarır.
Novruzova Aynur
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının fəal üzvü.
Şərhlər: 0
Şərh yaz