Azinfo » Siyasət » Qoşulmama hərəkatında Azərbaycanın uğurları

Qoşulmama hərəkatında Azərbaycanın uğurları

Tarix : 05-03-2023   /   Siyasət  

2 mart 2023-cü il tarixində Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidenti, üç ölkənin Vitse-prezidenti, iki ölkənin Baş naziri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, nazir müavinləri, səfirlər və s. iştirak ediblər. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə təşkilatın sədri qismində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir çox mühüm məsələlərə toxunub olub.

Cənab Prezident İlham Əliyevin bu dəfə də Qoşulmama Hərəkatının beynəlxalq təsisat kimi qlobal arenada daha nəzərəçarpan və səmərəli rol oynaması, eləcə də yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməsi istiqamətində yeni və mühüm təkliflərlə çıxış etməsi yüksək diqqətə səbəb olub. Azərbaycan Liderinin Fransanı Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırması, həmçinin BMT daxilində aparılmalı olan islahatlar çərçivəsində Təhlükəsizlik Şurasının tərkibinin Qoşulmama Hərəkatı hesabına genişləndirilməsi barədə çağırışı xüsusilə təqdirəlayiq şəkildə qarşılanıb. Eyni zamanda, BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edən Azərbaycan Prezidenti bu dəfə iqlim dəyişikliyindən, su qıtlığından, ərzaq çatışmazlığından əziyyət çəkən, məcburi miqrasiyaya məruz qalan Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasının dəstəklənməsi barədə təkliflə çıxış etməsi, xüsusilə də Azərbaycanın ilk donor ölkə kimi hər iki qlobal çağrışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayrıldığını bəyan etməsi, eyni zamanda, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyasını ortaya qoyması bu dəfə də Azərbaycanın və Prezident İlham Əliyevin qlobal proseslərdə liderlik keyfiyyətlərini nümayiş etdirib.

Cənab Prezident tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, işğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhəri və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.

Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Azərbaycanın sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı zamanda Bakı qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən oldu. Məhz Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi.

Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı, qlobal əhəmiyyətli təklifləri bir daha Azərbaycanın liderlik mövqeyini möhkəmləndirib və beynəlxalq nüfuzunu daha da gücləndirib. Azərbaycan Qoşulmama Hərəkatının daha gücləndirilməsi, qlobal proseslərdə əhəmiyyətinin və təsirinin artırılması məqsədilə təşkilat daxilində institusional inkişaf proseslərinə yüksək səviyyədə dəstək verib Qoşulmama Hərəkatının tarixini nəzərdən keçirsək görərik ki, Hərəkatın fəaliyyətində yalnız son illərdə aktivlik, inkişaf müşahidə olunur. Bu aktivliyə Azərbaycan rəhbərliyi və xüsusilə cənab Prezident İlham Əliyevin şəxsi dəstəyi və idarəçiliyi ciddi təsir göstərir. Bu da onu göstərir ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə yeni inkişaf dövrünü yaşayır.



Rakit Həmidov
YAP Masallı rayon təşkilatı
Qızılavar ərazi partiya təşkilatının sədri
 

Şərhlər: 0

Şərh yaz