ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng edib

ABŞ Dövlət katibi Antoni Blinken sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb, Azinfo.az xəbər verir.
Antoni Blinken söhbət zamanı Ermənistan və Azərbaycan arasında davamlı sülhün vacibliyini vurğulayıb və ABŞ-ın bu məqsədin reallaşmasına dair dəstəyini davam etdirəcəyini bildirib. O, xüsusilə 2024-cü il avqustun 30-da iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyətini tənzimləyən Əsasnamənin imzalanmasını müsbət addım kimi dəyərləndirib.
Prezident İlham Əliyev isə bölgədə artıq sülhün bərqərar olduğunu qeyd edib və Azərbaycanın səyləri nəticəsində beynəlxalq hüquqa və ədalətə əsaslanan yeni reallıqların yarandığını vurğulayıb. O, həmçinin Ermənistanla sülh müqaviləsinin təşəbbüskarı kimi Azərbaycanın rolunu qeyd edib və bu müqavilənin imzalanması üçün Ermənistanın Azərbaycan torpaqlarına dair iddialardan imtina etməsinin, eləcə də ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulmasının zəruriliyini dilə gətirib. Prezident sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş irəliləyişi də qeyd edib və prosesin imzalanmış Əsasnamə əsasında davam etdiriləcəyini bildirib.
Söhbət zamanı, həmçinin COP29 konfransının Azərbaycanda keçirilməsi məsələsi müzakirə olunub. Blinken ABŞ-ın bu tədbirin uğurla təşkil edilməsi üçün Azərbaycana dəstək verdiyini və iki ölkənin bu istiqamətdə yaxından əməkdaşlıq etdiyini vurğulayıb. İlham Əliyev isə bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib və COP çərçivəsində iqlim maliyyələşdirilməsinə dair konsensusun, xüsusilə inkişaf etmiş ölkələr arasında, əldə olunacağına ümidvar olduğunu bildirib.
Söhbət zamanı, həmçinin Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələr barədə də fikir mübadiləsi aparılıb.
Şərhlər: 0
Şərh yaz
