Azinfo » Siyasət » Xarici siyasət » Milli Məclis və Albaniya Parlamentinin sədrlərinin görüşü olub

Milli Məclis və Albaniya Parlamentinin sədrlərinin görüşü olub

Tarix : 15-10-2024   /   Siyasət / Xarici siyasət  

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Albaniya Respublikası Parlamentinin sədri Elisa Spiropali ilə görüşüb. Görüş zamanı Azərbaycan və Albaniya arasında mövcud dostluq və tərəfdaşlıq əlaqələri xüsusi vurğulanıb. Hər iki ölkə arasında iqtisadi, ticari və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Tərəflər bu istiqamətdə parlamentlərin də mühüm rol oynaya biləcəyini vurğulayıblar.

Görüşdə Azərbaycan və Albaniya parlamentlərinin beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətindən və qarşılıqlı dəstək göstərməsindən məmnunluq ifadə olunub. Eyni zamanda, parlament komitələri və dostluq qrupları arasında əlaqələrin genişləndirilməsinin qanunverici orqanlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.

Həmçinin, bu ilin noyabr ayında Bakıda keçiriləcək COP-29 çərçivəsində təşkil olunacaq Parlament Konfransı ilə bağlı məlumat verilib. Bu konfransın, iqlim dəyişiklikləri ilə mübarizədə çoxtərəfli platformalarda parlamentlərin birgə fəaliyyətinin əhəmiyyətini artıracağı qeyd edilib. Konfrans, iqlim problemlərinin həlli istiqamətində parlament üzvlərinə fikir mübadiləsi aparmaq və yeni təkliflərlə çıxış etmək üçün mühüm imkanlar yaradacaq.

Şərhlər: 0

Şərh yaz